“Türkiyə Ukraynaya sülhməramlı ordu yerləşdirə bilər. Buna Ukraynanın heç bir etirazı olmaz”.
Bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında bildirib.
Rusiya-Ukrayna müharibəsini şərh edən eks-deputat ABŞ və bir neçə Avropa ölkəsinin Ukraynaya sülhməramlı yerləşdirmək istəyinin mümkünlüyündən danışıb:
“Rusiyanın Ukraynaya qarşı işğalının son qoyulması ətrafında proseslər kifayət qədər aktuallaşıb və dinamik xarakter daşıyır. Trampın ABŞ Prezidenti seçilməsi ərəfəsində bu müharibənin dayandırılması barədə bəyanat verməsindən sonra vəziyyət olduqca mürəkkəbləşib və proseslərin hansı istiqamətdə gedəcəyi barədə proqnoz vermək çox çətindir. Rusiya-Ukrayna müharibəsinin tərəfləri bu iki ölkədir. Lakin, bu müharibəni dayandırmaqla özünün maraqlarını təmin etmək üçün həlledici qüvvə kimi ortada ABŞ, nizam-intizamsız, qeyri-müəyyən siyasəti ilə müharibənin ilk günlərindən indiyəcən öz davranışları ilə ifadə edən Avropa var (Böyük Britaniya xaricində)”.
Partiya sədri qeyd edib ki, Ukrayna Türkiyənin çətiri altında özünü daha təhlükəsiz hiss edir:
“Prosesə artıq Türkiyə də qoşuldu. Zelenskinin Türkiyəyə səfəri və Türkiyə prezidenti Tayyip Ərdoğanla apardığı danışıqlar barədə verilən ilkin məlumatlardan bəlli olur ki, Ukrayna məsələsi həm də Türkiyənin dövlət təhlükəsizliyi məsələsi qədər onlar üçün önəmlidir. Qarşılanma prosesində Türkiyə prezidentinin çətiri altında Zelenski ilə çəkdirdiyi şəkillər də kifayət qədər ciddi məna kəsb edir və bu təsadüfi şey deyil. Siyasətdə belə təsadüflər olmur. Bu, o deməkdir ki, Türkiyə dövləti Ukrayna məsələsində onları öz himayəsinə götürməyə hazırdır”.
“Türkiyənin də bu proseslərə qoşulması məsələnin həllinə kifayət qədər çətinliklər yaradır. Çünki Rusiyanın prosesə qoşulmasına Avropanın razı olması sual doğurur. Baxmayaraq ki, Rəcəb Tayyib Ərdoğan Trampın Ukrayna məsələsinə münasibətini normal qarşılayıb və söyləyib ki, bu məsələnin həlli ilə bağlı fikirlərimiz ortaqdır, lakin ABŞ bu müharibəyə son qoyulmasında Türkiyənin önə keçməsinə razı olacaqmı, bu da ciddi suallar doğurur. Ona görə ki, Tramp bu müharibəni təkbaşına həll edib bununla bağlı həm Rusiya həm də Ukraynadan Amerika üçün ciddi güzəştlər əldə etməyə çalışır. Bunun bütün elementləri özünü göstərməkdədir”, – deyə o, əlavə edib.
“Müharibə bitdikdən sonra ora yerləşdiriləcək sülhməramlılarla bağlı fikirlərə gəldikdə isə Avropa İttifaqına daxil olan ölkələrin də bu məsələdə fikirləri fərqlidir. Daha çox Böyük Britaniyanın müharibə bitdikdən sonra özünün hərbi texnikası və canlı qüvvəsi ilə sülhməramlı yerləşdirməsində israrlı görünür. Digər ölkələr isə tərəddüd edir. Bəziləri bunu mümkün, bəziləri isə mümkünsüz hesab edir. Mənə elə gəlir ki, burada Türkiyənin də mühüm rolu ola bilər. Sülh əldə edildikdən sonra Türkiyə də öz silahlı qüvvələrini sülh kontingenti kimi Ukraynada yerləşdirə bilər. Çünki Ukraynanın buna razılığında problem görmürəm. Nəzərə alsaq ki, Rusiya ilə Türkiyə arasında da münasibətlər normaldır. Putinin Ərdoğana qarşı münasibəti çox müsbətdir. Rusiya tərəfindən də bu məsələyə münasibəti mənfi olmaz. Rusiyanın sülh məsələsinin həllində Böyük Britaniya və ya Avropa ölkələrindən daha çox Türkiyəyə üstünlük verməsi istisna olunmur”, – deyə AVP sədri söyləyib.
Müharibənin kimin xeyrinə bitəcəyini proqnoz etməyin mümkün olmadığını bildirən eks-deputat hesab edir ki, Türkiyə bu prosesdə iddialıdır:
“Belə bir mürəkkəb situasiya var. Hadisələrin gedişi o qədər dinamikdir ki, bəri başdan bu barədə konkret fikir söyləmək çətindir. Lakin görünən budur ki, müharibənin dayandırılması üçün bütün güc mərkəzlərinin ümumi fikirləri var. Ukraynanın da, Rusiyanın da müharibənin sonlandırılması üçün vermiş olduğu bəyanatlar ortadadır. Məncə, 2025-ci ildə bu məsələ tamamilə öz həllini tapacaq. Görək kim udacaq, kim uduzacaq. Hazırda bu barədə dəqiq proqnoz vermək çox çətindir”.
www.yenicag.az