Ukrayna üçün 2027-ci il ssenarisi: Kremli qıcıqlandıran "qismən üzvlük" BƏYANATI
“Ukrayna Aİ-yə qismən üzv olarsa, növbəti mərhələdə Rusiyanın bu ölkəyə təzyiq göstərməsi olduqca çətinləşəcək.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli Cenevrə görüşünün nəticələrini şərh edib:
“Ukrayna müharibəsinin dayandırılması üzrə keçirilən üçtərəfli görüş hələlik pozitiv nəticə verməkdən uzaqdır. Hazırkı təmasları daha çox formal xarakterli hesab etmək olar. Kreml son vaxtlar Ukrayna ətrafında yaranmış situasiyadan ciddi narahatdır. Avropa İttifaqının (Aİ) Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyə qəbul edəcəyini bəyan etməsi Moskvanı qıcıqlandırır. Rusiya rəhbərliyi hesab edir ki, Ukrayna nə Aİ-yə, nə də NATO-ya üzv olmalıdır. Arqument olaraq isə bildirirlər ki, Rusiya məhz bu hərbi-siyasi inteqrasiyanın qarşısını almaq üçün Ukraynaya hərbi müdaxilə edib.
Kreml yekun sülh sazişinin hazırlanmasında Tramp-Putin anlaşmasının baza sənədi kimi götürülməsini tələb edir. Rusiyanın nə Ukraynanın, nə də Aİ-nin mövqeyi ilə razılaşmaq niyyəti var. Rəsmi Moskva Ukraynanın taleyini birbaşa Vaşinqtonla həll etmək istəyir.”
E. Xalidbəyli iddia edir ki, bu formatlı görüşlər müharibəni bitirmək hədəfi daşısa da, real nəticə əldə olunmayacaq:
“Ukrayna Aİ-yə qismən üzv olarsa, növbəti mərhələdə Rusiyanın bu ölkəyə təzyiq göstərməsi olduqca çətinləşəcək. Unutmayaq ki, Aİ ölkələrinin böyük əksəriyyəti həm də NATO üzvüdür. Belə olan halda, NATO Rusiyaya birbaşa cavab zərbəsi endirmək məcburiyyətində qala bilər ki, bu da NATO-Rusiya hərbi qarşıdurması deməkdir. Rusiya bu ssenaridən yayınmaq və gələcəkdə öz “neoimperialist” hədəflərinə çatmaq üçün Ukraynanın NATO və Aİ üzvlüyünə imkan verməməyə çalışacaq.
Digər tərəfdən, Aİ Ukrayna üçün ən yüksək səviyyədə təhlükəsizlik təminatı tələb edir. Tərəflər arasında olduqca qəliz bir situasiya yaranıb. Rəsmi Kiyev də Brüsselin siyasi dəstəyini hiss etdiyi üçün Rusiyaya ərazi güzəştləri etməkdən imtina edir. Bütün bunlar onu göstərir ki, Cenevrə və ondan sonrakı görüşlərdə müharibənin dayandırılması ilə bağlı real anlaşma əldə edilməyəcək. Bu baxımdan, indiki müzakirələr sadəcə bir-birini əvəz edən formal görüşlərə çevriləcək.”
Nurlan Cəfəri













