Ukrayna üçün etibarlı liman olan TÜRKİYƏ: Zelenskinin Ankaraya səfəri nələri dəyişəcək?
“Türkiyə Zelenski üçün həmişə etibarlı liman olub”.
Bunu Türkiyəli siyasi ekspert Güngör Yavuzaslan Yenicag.az-a açıqlamasında deyib.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri və burada əldə oluna biləcək nəticələrdən danışıb:
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında diplomatiya formalaşmadı, yəni Alyaska sammiti fiaskoya çevrildi. Bu səbəbdən Zelenski həm cəbhə xəttində ehtiyacı olan pul və silah üçün Avropa ölkələri ilə diplomatik danışıqlar aparır.
Türkiyə Zelenski üçün həmişə etibarlı liman olub. Burada yenə Türkiyənin asanlaşdırıcı diplomatiyası, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski arasında əlaqə və dialoq platforması yaratmaq cəhdləri ön plana çıxır.
Xüsusilə Rus ordusunun son dövrdə cəbhə xəttində həyata keçirdiyi intensiv hücumlar Ukraynanı daha güclü dəstək axtarışına yönəldib. Avropadan alacağı qırıcı təyyarələr, hava hücumundan müdafiə sistemləri və ABŞ-nin verəcəyi raketlər Ukrayna ordusu üçün böyük əhəmiyyət daşıyır. Bir sözlə, Türkiyə müharibəni deyil, atəşkəsi, qarşıdurmanı deyil, sülh prosesini dəstəkləyir”.
Nəsimi Ələsgərli












