“Rusiya müharibənin gedişində orduda reform edə bildi və indi Ukraynaya qarşı fərqli taktika ilə döyüşür”.
Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin gedişi, Rusiya silah sənayesinin toparlanması və Ukraynaya Qərbin dəstəyini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.
Rövşən Məhərrəmovun sözlərinə görə, Rusiya Ukrayna müharibəsi getdikcə daha da şiddətlənəcək.
“Rusiya Donbas vilayətini tam şəkildə işğal etdi. Rusiya bir neçə istiqamətdən hücumlar təşkil edir. Yayındırıcı əməliyyatlar keçirir. Əsas zərbəyə isə hazırlıq gedir”, – deyə o əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, iki il müddətində Rusiyanın intizamsız, əməliyyat keçirmək bacarığı olmayan ordusu toparlanıb.
“Bundan əlavə, Rusiya hərbi sənayesini gücləndirdi. Uralda tank istehsalı tam şəkildə bərpa olub. Baxmayaraq ki, Rusiya böyük itkilərlərlə üzləşmişdi, artıq tank və digər texnikaların istehsalını bərpa edib, döyüş meydanına yollayır.
Ukraynanın Qərbdən böyük miqdarda silahlar almasına baxmayaraq, müharibə bu ölkənin ərazisində gedir. Ukrayna hər gün bir kənd və ya bir ərazi itirir. Rusiya taktikanı kökündən dəyişib. Qruplarla hücumlar həyata keçirirlər. Tutduqları yerlərdə dərhal minalanma işləri aparırlar.
Ukrayna son zamanlar müdafiə olunur və raketlərlə ruslara zərər verməyə çalışır. Güman edirəm ki, müharibə getdikcə daha da şiddətlənəcək. Müharibənin sonunu yaxın vaxtlarda görmürəm”, – deyə o yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az