“Ukraynalılar bu seçimi qəbul etməyə hazırdır”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynada müharibə ilə bağlı ictimai rəyin “qələbəni” necə qəbul etdiyindən danışan ukraynalı sosioloq Timofi Brik deyib.
Onun sözlərinə görə, Ukraynada müharibənin gedişi ilə “qələbə” anlayışı zamanla dəyişib.
“Başlanğıcda bu, ərazilərin tam bərpası, xüsusən Krım və Donbasın geri alınması hədəf kimi qoyulmuşdu. Lakin hazırda əhval-ruhiyyə tamamilə dəyişib. Sorğulara əsasən, artıq Ukrayna xalqı arasında atəşkəsi dəstəkləyənlərin sayı artır, bəziləri isə müharibənin uzunmüddətli təsirlərinə görə danışıqlar istəyir. Bu dəyişiklik müharibənin yaratdığı yorğunluq və narahatlıq ilə əlaqələndirilir. İctimai rəydəki dəyişikliklər həm döyüş meydanında, həm də sosial mediada yayılan məlumatlarla formalaşır”.
Analitik əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi qələbə planı çoxları tərəfindən skeptik qarşılanıb:
“Bu, həm daxili, həm də xarici mediada daha az diqqət çəkib. Ukraynalılar, ümumilikdə, prezident və dövlət qurumlarının təkliflərinə qarşı şübhə ilə yanaşırlar. Hər nə qədər müharibə dövründə prezidentə inam artmış olsa da, zaman keçdikcə, bu etibar azalmağa başlayıb və xalqın reaksiyaları daha soyuqqanlı olub. Ukraynalılar ərazi güzəştlərinə yanaşmalarında da fərqli mövqelər sərgiləyirlər. Bir tərəfdən, çoxları “heç vaxt təslim olmayacağıq” prinsipinə sadiqdir, digər tərəfdən, müəyyən ərazilərdən imtina etməyə daha hazırlıqlı olanlar var.
Atəşkəsin mümkünlüyü ukraynalılar arasında qələbə anlayışını dəyişdirə bilər. Bəzi analitiklər, atəşkəsin Ukrayna üçün hərbi cəhətdən təhlükəli olacağını qeyd edir. Amma daha çox insan bu seçimi qəbul etməyə hazırdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az