Ukraynanın parçalanmasına bir neçə gün qaldı
Rusiya desantının bir güllə də atmadan Krım yarımadasını tutduğu və muxtar respublikada fevralın 27-də qurulan separatçı hakimiyyətin Rusiyaya birləşmək referendumu keçirməyə hazırlaşdığı bir vaxtda Kiyev Avropa İttifaqı (Aİ) ilə Assosiasiya sazişini imzalamağa hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, Almaniya kansleri Angela Merkel yaxın günlərdə Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya sazişinin imzalanacağını bildirib.
“Deutsche Welle”nin xəbərinə əsasən Angela Merkel belə deyib: “Saziş yaxın günlərdə, yaxud həftələrdə imzalanacaq”.
Kansler bildirib ki, Ukraynanın indiki hakimiyyəti sazişin imzalanması lazım olan şəkildə yanaşır. Bununla belə Merkel əlavə edib ki, azad ticarət zonası barədə razılaşmanın bir hissəsi kimi Ukraynanın Rusiyaya ixracının neqativ nəticələrindən qaçmaq üçün əlavə məsləhətləşmələr aparılacaq. Onun sözlərinə görə, Aİ Assosiasiya sazişinin imzalanmasını gözləmədən bir çox Ukrayna malları üçün gömrük tariflərini aşağı salacaq.
Xatırladaq ki, Ukraynada Viktor Yanukoviçin devrilməsi və 100-ə yaxın insanın həlak olması, habelə Krıma Rusiya desantının yeridilməsi ilə nəticələnən Maydan hərəkatı məhz ötən ilin payızında Vilnüsdəki Şərq Tərəfdaşlığı sammitində Assosiasiya sazişinin imzalanmasına hazırlığın dayandırılmasından sonra başlamışdı.
Bu arada Krım rus separatçıları martın 16-da keçiriləcək referenduma hazırlaşır. Referendumda iki sual qoyulacaq: Krım Ukraynanın tərkibində qalır, yoxsa Rusiyaya birləşir?
Referendum ərəfəsində Krımın separatçı rəhbərləri Moskvaya çağrılıblar. Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, əgər referendumdan Rusiyaya birləşmək qərarı çıxsa Moskva bu qərarı dəstəkləyəcək. O, Krım parlamentinin referendum keçirilməsi barədə qərarının “legitim və qanuni olduğunu” deyib. Matviyenko bu barədə Moskvada Krımın fevralın 27-də QRU “spesnazı” tərəfindən seçilmiş yeni hökumət başçısı, “Süpürgəsaqqal” ləqəbli keçmiş kriminal avtoritet Sergey Aksyonovla görüşündə deyib. Matviyenko Rusiyanın Ukrayna ilə müharibə aparmağa hazırlaşmadığını, bu barədə deyilənlərin “sayıqlama” olduğunu bildirib.
V.Matviyenko Krım parlamentinin spikeri Vladimir Konstantinovla da görüşüb.
“Krım parlamenti xalqın öz iradəsini ifadə etməsinin ən demokratik formasını-referendumu seçib. Mən Rusiya Federasiyasının bütün maraqlarını təmsil edən Federasiya Şurası adından tam məsuliyyətlə bəyan edirəm ki, əgər Krım xalqı referendumda öz iradəsini ifadə edib Rusiyanın tərkibinə daxil olmaq barədə qərar qəbul etsə, biz parlamentin yuxarı palatası olaraq bu qərarı dəstəkləyəcəyik” – deyə o, görüşdə bildirib.
Xatırladaq ki, Rusiya Dövlət Duması ölkəyə yeni ərazilərin birləşdirilməsi qaydalarını sadələşdirən qanun layihəsini qəbul edib. Dövlət Dumasındakı fraksiyalar bu gün elan ediblər ki, Krımın Rusiyaya birləşməsi barədə qərarını dəstəkləyəcəklər. Beləliklə, Krımın Rusiyaya birləşməsinə cəmi bir neçə gün qalır. Eləcə də Ukraynanın Krıma nəzarəti itirən yeni hökuməti Avropa İttifaqı ilə başabəla Assosiasiya sazişini bir neçə günə imzalamağa hazırdır. Ancaq Krımın itirilməsi hesabına Avropaya inteqrasiyaya dəyərdimi?