Uşaq hüquqları ilə bağlı yeni məcəllə
Ölkəmizdə uşaqlarla bağlı olan qanunlarda pərakəndəlik var və bu da müəyyən hüquqi boşluqlara gətirib çıxarır. Bu problemi aradan qaldırmaq üçün uşaq məcəlləsi hazırlanır. Məcəllədə uşaqlara qarşı zorakılıq edənlərin cəzalarının sərtləşdirilməsi də nəzərdə tutulur.
Uşaqlara qarşı zorakılıq edən şəxslərin cəzası daha da ağırlaşdırılacaq. Uşaqlarla bağlı qanunlar daha da sərtləşdiriləcək və nəticədə uşaq hüquqları bundan sonra daha güclü şəkildə qorunacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə işləri intensivləşdirib. Komitə hesab edir ki, uşaq hüquqları sahəsində müəyyən boşluqlar var və bunlar tənzimlənməlidir.
Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyir ki, uşaq hüquqlarının qorunması ilə bağlı ayrıca məcəllə hazırlanır. Uşaq Məcəlləsinin hazırlanmasında əsas məqsəd uşaq hüquqlarının müdafiə mexanizmini gücləndirmək və bu sahədə mövcud olan pərakəndəliyi aradan qaldırmaqdır. Məcəllədə xüsusilə çətin həyat şəraitində yaşayan uşaqların hüquqlarının müdafiəsi və reabilitasiyası məsələsinə önəm veriləcək.
Bu məcəllə “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasına uyğun olaraq hazırlanır və 2015-ci ilə də tam surətdə təhvil veriləcək (xezerxeber.com)