“Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır. Əhalinin real gəlirlərinin artımı və sosial- rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur (xərclərin 41%-i)”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox (xərclərin 12.6%-i) vəsait ayrılacaq:
“Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox (xərclərin 4.9%-i) vəsait nəzərdə tutulur .İcbari tibbi sığorta çərçivəsində – 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək. Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır”.












