Reklam: High Technic
hightechnic

“Uzun yollar” sənədli filmi təqdim edildi – Londonda

Bu gün Orta Asiya və Qafqaz Mərkəzi (Böyük Britaniya) və Humanitar Tədqiqatlar İctimai Birliyinin (Azərbaycan) birgə təşkilatçılığı ilə Azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş “Uzun yollar” sənədli filminin London Universitetinin Asiya və Afrika Tədqiqatlar Məktəbində təqdimatı keçirildi.

Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1992-1993-cü illərdə öz evlərindən qovulmuş Azərbaycanlıların taleyini və keçdikləri yolu nümayiş etdirir.

Orta Asiya və Qafqaz Mərkəzinin direktoru Laurence Broers filmin təqdimatı zamanı qeyd etdi ki, Azərbaycanda məcburi köçkünlərin sayının çox olmasına baxmayaraq, ölkə onların problemlərinin həll olunmasının öhdəsindən gələ bilir. Buna görə də, münaqişə qurbanlarının taleyi barəsində beynəlxalq ictimaiyyətin məlumat almasına ciddi diqqət yetirilməlidir.

Filmin ssenari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov təqdimat mərasimində iştirak edənlərə məlumat verdi ki, DQ-dan olan məcburi köçkünlər öz evlərinə qayıtmağa ümid etsələr də münaqşənin hansı yolla həlli və onların qayıdışının şərtləri insanları daha narahat edir. Xüsusən ərazilərin bərpası, minalardan təmizlənməsi, qayıtdıqdan sonra təhlükəsizliyinə verilə biləcək təminat onları daha çox düşündürür. 1992-ci il Fevral ayının 26-da Dağlıq Qarabağın Azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı qırğını və həlak olan insanların kütləviliyi onların psixologiyasında ciddi iz buraxmışdır. Bu kimi travmalar və münaqişə tərəflərində dərinləşən düşmən obrazları məcburi köçkünlərin geri dönüşünü çətinləşdirir. Lakin, əsas məsələ odur ki, insanlar çətin həyat yolu keçib gəlmələrinə baxmayaraq öz doğma torpaqlarına qayıtmağa inanırlar.

Ə.Həsənov qeyd etdi ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır. Film artıq Londonda fəaliyyət göstərən bir neçə düşüncə mərkəzlərinə təqdim olunmuşdur və fevralın 25-dək müxtəlif mərkəzlərdə müzakirələrə qatılacaqdır.

Filmin təqdimatına Londonda fəaliyyət göstərən müxtəlif düşüncə mərkəzlərinin, universitetlərin və diğər beynəlxalq təşkilatların təmsilçiləri qatılmışdılar.

Yeniçağ.az

www.yenicag.az

95