Valideynlərin DİQQƏTİNƏ! – Məktəblərdə telefon istifadəsi qadağan OLUNUR?

media-hightechnic-468x90

“Mobil telefonların dərs prosesində istifadəsi qadağan edilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, məktəblərdə telefon qadağası məsələsinə aydınlıq gətirib və bunun niyə vacib olduğunu diqqətə çatdırıb.

Ekspert bildirib ki, məsələ hər zaman aktuallığını qoruyur.

“Hazırda Azərbaycanda 4.432 məktəbdə təxminən 1.600.000 şagird təhsil alır. Mövcud qanunvericiliyə görə şagirdin məktəbdə əsas funksiyası yalnız bir şeydir – öyrənmək. Bu öyrənmə prosesini təmin etmək üçün bizdə dərsliklər mövcuddur. Bəs valideynlər uşaqlara niyə mobil telefon verir? Əlaqə saxlamaq üçün. Əgər müəllim dərs prosesində müasir təlim metodlarından istifadə etmirsə, biologiya, kimya, tarix dərslərində hər hansı interaktiv üsullara və ya əlavə informasiya vasitələrinə ehtiyac qalmırsa, şagirdlərin mobil telefondan məktəbdə istifadəsi yolverilməzdir. Şagird məktəbə telefon gətirə bilər, amma xüsusi qoruyucu yerlərdə saxlanılması şərtilə”.

O, əlavə edib ki, dünya təcrübəsində də bu mövcuddur:

“Əgər dərsin normal gedişini pozursa, şagirdlərin diqqətini yayındırırsa, həmin telefonlar dərs müddətində qoruyucu yerlərdə saxlanılmalıdır. Onsuz da məktəblərdə oxuyan şagirdlər dövlət əhəmiyyətli məsələləri həll etmir, telefon sadəcə ailə üzvləri ilə əlaqəni təmin edir. Qısacası, uşaqların məktəbə telefon gətirməsi qadağan edilə bilməz, lakin dərs zamanı istifadəsi məhdudlaşdırılmalıdır”.

K. Əsədovun fikrincə, bunun üçün mütləq “Təhsil haqqında” Qanuna və orta məktəblərin nizamnaməsinə müvafiq dəyişiklik edilməlidir:

“Fransada, ABŞ-nin 14 ştatında və dünyanın bir çox inkişaf etmiş ölkələrində məktəblərdə mobil telefon istifadəsinə qadağa qoyulub. Bizdə də belə olmalıdır. Çünki uşaqlar bəzən bir-birlərini şantaj edir, videolar çəkir və dərsin normal gedişinə mane olurlar. Bir sözlə, mobil telefonların dərs prosesində istifadəsi qadağan edilməlidir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa