Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” kitabının TƏQDİMATI KEÇİRİLDİ – FOTO/VİDEO
Bu gün Bakıda yerləşən Dağ Yəhudilərinin Sinaqoqunda professor Vaqif Abdullayevin müəllifi olduğu “Dostumuz, müttəfiqimiz” kitabının təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai və dini xadimlər, eləcə də media nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, sabiq millət vəkili Çingiz Qənizadə iştirakçıları salamlayaraq Azərbaycan-İsrail münasibətlərindən danışıb. O, İsraillə qurulan uğurlu əlaqələrin bu iki xalq arasında əbədi dostluğa çevrildiyini bildirib.
Millət vəkilləri Ceyhun Məmmədov və Anatoliy Xaimoviç də çıxış edərək Azərbaycan və İsrail arasındakı dostluq münasibətlərinə toxunublar. Onlar iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın xarici siyasətimizin mühüm uğurlarından biri olduğunu qeyd ediblər.
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev isə çıxışında Azərbaycanın din-dövlət münasibətləri sahəsində nümunəvi təcrübəyə malik olduğunu vurğulayıb. O, kitabın müəllifinin azərbaycançılıq ideyalarını aydın şəkildə ifadə etdiyini bildirərək, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş təbliğinə ehtiyac olduğunu qeyd edib.
Təqdimatın sonunda çıxış edən professor Vaqif Abdullayev İsrailin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb. O, ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edərək, bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığını diqqətə çatdırıb. Müəllif, həmçinin Azərbaycan-İsrail münasibətlərinin tarixi köklərinə toxunub və bu birliyin xalqlar arasında möhkəm dostluq üzərində qurulduğunu vurğulayıb.
Nəsimi Ələsgərli