“Vaşinqton bataqlığı”ndakı XAOS – Trampın adamı NİYƏ ÖLDÜRÜLDÜ?
“Bəllidir ki, Trampın hakimiyyətə gəlişi dövründə seçki kampaniyası və seçki proseslərində qlobalistlərlə Tramp tərəfdarları arasında çox ciddi mübarizə var idi. Yəni Amerika cəmiyyəti bu məsələdə ikiyə bölünmüşdü: Trampın yürütdüyü siyasi xətti dəstəkləyənlər və onun əleyhinə çıxanlar vardı. Bu gün ABŞ-nin özündə də bu məsələdə ciddi problemlər qalmaqdadır və cəmiyyət ikiyə bölünmüş vəziyyətdədir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
O, amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirkin Yuta Universitetində çıxışı zamanı güllələnməsi məsələsindən sonra ABŞ-dəki qarışıq siyasi durumu şərh edib.
Onun sözlərinə görə, indi qlobalistlər prosesdə öz müqavimətlərini və varlıqlarını sübut etmək üçün istənilən addıma əl ata bilərlər və bu, istisna deyil:
“Bunu Trampın tərəfdarlarından Çarli Krikin öldürülməsində də əlaqələndirmək olar. Hələ Trampın seçkiöncəsi dövründə ona qarşı sui-qəsd cəhdlərinin olması bunun göstəricisi idi və belə halların istisna edilmədiyini sübut edir. Amerika siyasətində və cəmiyyətində dəfələrlə bu tip fikirlər səsləndirilib. Yəni bu gün ABŞ-nin daxili siyasətində çox ciddi problemlər var, iqtisadiyyatında da ciddi böhranlar müşahidə olunur. Tramp hakimiyyətə gəldikdən sonra istər dövlət strukturlarında ciddi islahatlar, istər QHT-lərin və media qurumlarının ixtisarı, hətta ləğv edilməsi, maliyyə qurumlarının büdcəsinin azaldılması istiqamətində ciddi addımlar atıldı. Bu, inqilabi islahatlar idi və təbii ki, daxili siyasətdə öz təsirini göstərməliydi”.
O, söyləyib ki, bunu həm də Trampa bir mesaj kimi qəbul etmək olar:
“Amma hadisələrin necə inkişaf edəcəyi artıq bəllidir. Son günlər Çikaqoda, Las-Veqasdakı, eləcə də Vaşinqtonda baş verən hadisələr, yanğınlar da açıq şəkildə göstərir ki, ABŞ daxilində Trampa qarşı çox ciddi müqavimət göstərən qüvvələr var və onlar hər vasitə ilə Trampı siyasi səhnədən kənarlaşdırmağa çalışırlar. Onlar müxtəlif təzyiqlər edərək onu öz yolundan döndərməyə çalışırlar. Bu baxımdan, burada müəyyən əlaqə tapmaq mümkündür”.
“Digər tərəfdən, ABŞ iqtisadiyyatını gözləyən çətinliklər, dünyadakı proseslərin gedişi, Trampın apardığı siyasətlə razılaşmayan qüvvələr də ona qarşı müxtəlif metodlarla təzyiq göstərirlər. “Vaşinqton bataqlığı” deyilən anlayış artıq siyasətdə qəbul olunub. Azərbaycan Prezidenti də bir çıxışında vurğulamışdı ki, Trampın əsas gücü ondan ibarətdir ki, o, “Vaşinqton bataqlığı”nı təmizləmək iqtidarında olacaq. Bu qüvvələr isə bu gün Trampa qarşı çox ciddi maneələr yaradır. Bildiyiniz kimi, hətta bu gün Rusiyanın Ukrayna cəbhəsində ciddi uğur əldə etməməsinin səbəblərindən birini də burada axtarmaq lazımdır”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov