Vaşinqton İrəvanı GÖZDƏN ÇIXARDI: “Tramp Ukrayna, Qəzza və İranla bağlı məsələlərlə məşğuldur”
“Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesi ilə bağlı çətin vəziyyətdədir. O, həm Bakını qane edəcək, həm də Ermənistan ictimaiyyəti tərəfindən mənfi qarşılanmayacaq bir formula tapmalıdır. Bu isə onun üçün çətindir”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.
O, Ermənistanda cərəyan edən siyasi prosesləri, habelə müxalifətin hakimiyyətə qarşı başlatdığı kampaniyanı şərh edib.
Analitikin fikrincə, burada üç əsas məsələ var:
“Birincisi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasıdır ki, bu ciddi problem yaratmamalıdır. Konstitusiya məsələsi isə çox güman ki, razılaşmadan əvvəl və ya sonra deyil, 1998-ci ildə Şimali İrlandiyada olduğu kimi, paralel şəkildə həll edilməlidir. Bakı bu problemin əvvəlcədən həll olunmasını tələb edir, lakin məncə, bu, Paşinyan üçün çətindir.
Digər məsələ Zəngəzur dəhlizidir. Paşinyan burada çətin bir seçim qarşısındadır və o düşünür ki, belə olan təqdirdə, müəyyən suverenlikdən imtina etməlidir. Hər iki variant onun üçün qəbuledilməzdir, buna görə də bu məsələdə “yaradıcı qeyri-müəyyənliyə” ciddi ehtiyac duyur”.
“Təəssüf ki, o, hazırda Vaşinqtondan dəstək ala bilmir. Çünki Tramp tariflər, Ukrayna, Qəzza və İranla bağlı məsələlərlə məşğuldur və Cənubi Qafqazla maraqlanmağa vaxtı yoxdur. Buna görə də mən Paşinyana bir qədər anlayışla yanaşıram. Onun İrəvanda hakimiyyətdə qalması hər kəsin marağındadır. Sual isə budur: ona yardım etmək mümkündürmü, yoxsa ermənilərin iddia etdiyi kimi, hakimiyyət razılaşmaya maraqlı deyil? Bu, əsl dövlətçilik suallarıdır və nəticə çox maraqlı olacaq. Bəlkə də bu, Azərbaycanla Ermənistan arasında münasibətlərdə həlledici məqama çevriləcək”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov