Vaşinqtondan Bakıya gələn TƏKLİF: “İbrahim sazişi”ndə adımız NİYƏ HALLANIR?

media-hightechnic-468x90

 

“Bu məsələ Bakı üçün hazırda prioritet təşkil etmir və Azərbaycan öz milli maraqları əsasında qərar verməyə üstünlük verir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycanın yaxın gələcəkdə “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr arasında yer alması ilə bağlı açıqlamasını şərh edib.

Politoloq qeyd edib ki, bu razılaşmalar 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeşin İsraillə diplomatik əlaqələr qurması ilə başlamış və regionda İsrail-Ərəb münasibətlərinin normallaşdırılmasını hədəfləmişdi:

“Sazişlərin “İbrahim” adlandırılması isə təsadüfi deyil. Bu, İslam, Yəhudilik və Xristianlığın ortaq peyğəmbəri olan İbrahimin adı ilə bağlıdır. Həmin xalqlar arasında dini və mədəni bağlara işarə edir. Azərbaycanın bu sazişlərə münasibəti isə bir qədər ehtiyatlı yanaşma tələb edir. Bakı ilə Təl-Əviv arasında uzun illərdir ki, enerji, təhlükəsizlik və texnologiya sahələrində inkişaf edən strateji tərəfdaşlıq mövcuddur. Faktiki olaraq, Azərbaycan-İsrail münasibətləri “İbrahim sazişləri”nin nəzərdə tutduğu məqsədlərə çoxdan çatıb. Bu baxımdan, Azərbaycanın həmin sazişə qoşulması daha çox simvolik addım ola bilər. Real əməkdaşlıq səviyyəsinə əlavə ciddi təsir göstərməyə bilər”.

“Digər tərəfdən, Azərbaycanın xarici siyasəti balans üzərində qurulub. İsraillə yaxın münasibətləri olsa da, Türkiyə ilə müttəfiqlik və İranla həssas balansı qorumaq Bakının əsas prioritetlərindəndir. “İbrahim sazişləri”nə qoşulmaq İran tərəfindən mənfi qarşılanacaq. Bu, bölgədəki diplomatik sabitliyə təsir edə bilər. ABŞ-nin Azərbaycanın adını bu kontekstdə hallandırması daha çox Vaşinqtonun regionda yeni siyasi təşəbbüslər irəli sürmək niyyətinə işarə edir. Bir sözlə, bu məsələ Bakı üçün hazırda prioritet təşkil etmir və Azərbaycan öz milli maraqları əsasında qərar verməyə üstünlük verir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600