Vaşinqtonun yeni region strategiyası: Azərbaycan artıq bir nömrəli və etibarlı tərəfdaşdır”
“Hazırda ABŞ Azərbaycanı regionda əsas, etibarlı və əvəzedilməz tərəfdaş kimi görür”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O, dünyada baş verən siyasi proseslər fonunda yaranan yeni reallıqlarda Azərbaycanın mövqeyindən və supergüc olan ABŞ ilə münasibətlərin yaxınlaşmasından danışıb.
Siyasi şərhçi bildirib ki, hazırda dünyadakı siyasi proseslər çərçivəsində Azərbaycan tam mənada ön sırada gedən ölkələrdən biridir:
“Xüsusilə də ABŞ-nin, o cümlədən Donald Trampın dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımlar, eləcə də sülh şurasının yaradılması təşəbbüsü çərçivəsində ilk müraciətin Azərbaycana edilməsi və ölkəmizin bu şuraya dəvət olunması böyük əhəmiyyət daşıyır.
Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları bu gün dünyanın əsas supergücü və bir nömrəli güc mərkəzidir, bu faktın önəmi daha da aydın görünür. Halbuki bir neçə il əvvəl biz Azərbaycanın müəyyən dairələr tərəfindən ləkələnməyə çalışıldığının, rəsmi Bakıya qarşı təzyiqlərin göstərildiyinin və xüsusilə Bayden administrasiyası dövründə qeyri-konstruktiv münasibətin şahidi olmuşduq.
İndi isə tamamilə fərqli bir mənzərə müşahidə edirik. Bütün bu prosesləri Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və balanslı siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Hazırda ABŞ Azərbaycanı regionda əsas, etibarlı və əvəzedilməz tərəfdaş kimi görür. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu yeni və daha yüksək mərhələyə yüksəldir”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













