“Vəhşi diviziya”dan müasir dövrə gələn yol – Ordumuzun 100 ilinə baxış

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür.

1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması qeyd edilib. 1918-ci il mayın 28-də yaradılan ilk kabinetdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusu əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.

Azərbaycan ordusunun inkişafını 3 mərhələyə ayırmaq olar.

Birincisi, Cümhuriyyətin yaranması və 23 ay davam edən dövr. Bu dövr çox çətin və gərgin keçib. Sıfırdan dövlət yaradıldığı kimi, sıfırdan da ordu yaradılmışdı. Ordunun işi isə həddindən artıq çox idi. Hər zaman işğal edilmək təhlükəsi, ermənilərin ərazi iddiaları…

İkincisi, 70 illik sovet dövrü. Bu dövrdə isə azərbaycanlılar ll dünya müharibəsi, Əfqanıstan müharibəsində iştirak edib. Çoxlu sayda həmvətənimiz hərbi məktəblərdə oxuyaraq, Sovet ordusunda uğurla xidmət edir. Bu dövr ona görə vacibdir ki, Azərbaycan müstəqil olduqdan sonra, ordu quruculuğumuz Cümhuriyyət dövründən fərqli olaraq ixtisaslı zabitlərin əlində olur. Hazır kadrlar ordu quruculuğunda iştirak edə bilir.

Üçüncü dövr isə müstəqillik illərinə düşür. Azərbaycan müstəqil olar-olmaz gözünü müharibə ilə açır. Öncə özünü müdafiə batalyonları ilə başlayan dövr daha sonra  peşəkar ordu quruculuğu ilə tamamlanır.

Yenicag.az olaraq Azərbaycan ordusunun 100 ilinə hərbi ekspert Tərlan Eyvazovla nəzər yetirmişik.

Hərbi ekspert Cümhuriyyət dövründə ordunun yaranmasına nəzər salaraq bildirib ki, Azərbaycanda ordunun qurulması o zaman ilk diviziyanın yaranması gününə təsadüf edir:

“Zaqafqaziyada, istər ermənilərin, istərsə də gürcülərin işləri daha asan idi. Çünki onların kadr potensialı var idi. Bizlərdən fərqli olaraq onlar Çar ordusunda xidmət edirdi. Bizdən isə bəyzadə, xan övladlarının müəyyən qismi könüllü şəkildə valideynləri tərəfindən hərbiyə göndərilirdi. Ümumən götürdükdə müsəlman əyalətləri Çarın yanında vəsadət qaldıraraq övladlarını hərbi xidmətə göndərməməyə nail ola bilmişdilər. Azərbaycanlılar digər müsəlmanlar kimi orduda xidmət etmirdilər. Buna baxmayaraq, o dövrün ziyalıları ordunun yaranmasına nail oldular. 26 iyun “Əlahiddə Azərbaycan korpusu”nun yaradılması Azərbaycanda ordunun yaradılması günü kimi qeyd olunur. Ayaz Mütəllibovun vaxtında, onun verdiyi fərmanla 11 oktyabr tarixi ordunun yaranması günü kimi qəbul olundu. Heydər Əliyev tərəfindən isə tarixi gün bərpa olundu. Müstəqilliyimizin 28 mayda Tiflisdə elan olunmasına baxmayaraq, o zaman ordumuz yox idi. Bizim generalların, çar dağıldıqdan sonra oradan ölkəmizə qayıdan zabitlərin səyi nəticəsində çox qısa zaman kəsiyində Azərbaycan dövlətinin ordusu yaranmış oldu”.

23 ay ərzində ordumuzun keçdiyi yola nəzər salan Tərlan Eyvazov bildirib ki, o zaman sıfırdan yaranmış ordu öz çiyinlərinə böyük yük götürmüş oldu:

“Heç nədən yaranmış bir dövlətin, heç nədən yaranmış bir ordusu qarışıq bir zamanda – türk ordusunun, ingilislərin, bolşeviklərin Azərbaycanda olduğu bir dönəmdə yaramışdı və onların böyük bir təpkisi var idi. Belə bir zamanda dövlət və ordunu yaratmaq olduqca çətin idi. Buna baxmayaraq, Azərbaycan hökuməti imkan daxilində Əliağa Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələrin sayəsində Azərbaycan ordusunu yaratdı. Ordu yaranan zaman daxildə olan erməni daşnaqlarına qarşı mübarizə apardı və onların Qarabağda qaldırmış olduqları üsyanı yatırdılar. Hətta Naxçıvanda, Zəngəzurda Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü bərpa edildi.

Bəziləri rusların Azərbaycanı işğal etməsində ordunu ittiham edir ki, ordumuz müqavimət göstərmədi. Ancaq onu unudurlar ki, ordu hökumətə tabe idi, hökumət isə parlamentə. Əgər parlament təslim olmaq haqqında qərar qəbul edirsə, ordu özbaşına hər hansı hərbi əməliyyat apara bilməz. Digər tərəfdən isə, ordunun böyük bir qismi həyəcanlı və qarışıq olan Qarabağda idi. Ermənistanla sərhəddə Azərbaycan əhalisinin təhlükəsizliyini qoruyurdu. Ona görə də, bolşeviklərin hücumunun qarşısının alınması çətin idi. Türkiyənin bu məsələdə mövqeyi də özünü göstərmiş oldu. Hadisələrin gedişi Azərbaycan ordusunun da təslimçiliyini qəbul etdirdi. Bu hadisədən sonra ölkədə böyük repressiya dövrü yaşandı. Digər ziyalılarla yanaşı, Azərbaycan ordusunun görkəmli sərkərdələri, generalları sovet hökumətinin ilk illərində repressiyaya məruz qaldılar, öldürüldülər, məhv edildilər. Bəziləri isə Azərbaycandan kənara mühacirət etməklə öz canlarını qorumuş odlular. Onların bir çoxu getdikləri ölkələrdə çox yüksək nüfuz sahibi oldular.

Sovet hakimiyyəti dövründə bütün xalqlar müttəfiq respublika olmadı. Ancaq Azərbaycan Demokratik Cümhuriyyətinin hakimiyyəti süqut etdikdən sonra Azərbaycanda sovet sosialist respublikası quruldu. İlk illərdə deyilirdi ki, onlar bütün atributları saxlayacaqlar. Ancaq sonradan ordu strukturları tamamilə mərkəzləşdirilmiş şəkilə keçdi. Ancaq buna baxmayaraq, Sovet dövründə azərbaycanlı zabitlər də xidmət edirdilər. Çar rusiyasından fərqli olaraq azərbaycanlılar orduya çağırılırdılar.

1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu nəticəsində Azərbaycan ərazisində, Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir neçə hərbi birləşmələr yaradıldı. Bunun da tərkibini Azərbaycanda yaşayan vətəndaşlar təşkil edirdi. Həmin hərbi birləşmələr Berlinə qədər gedib çıxdılar. Onlar keçmiş SSRİ hərb tarixində öz yerini tutmuş insanlardır.

Sovet dövrünə böyük sərkərdələrimiz yetişdi. İki ali hərbi məktəbimiz yaradıldı. 70-ci illərdə Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda zabitlərin yetişdirilməsinə şərait yaratdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə onun birinci ündə vəzifəsi Azərbaycan ordusunun yaradılması idi. Çünki Azərbaycan müstəqillik qazanmamışdan əvvəl, hələ 1988-ci ildən qonşu ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiası irəli sürüldü. Və bu ərazi iddiasına nail olmadıqdan sonra Azərbaycana qarşı terror, hücumlar və dinc əhalinin qırılması faktları baş verdi”.

Hərbi ekspert bildirib ki, hadisələr başlayan zaman güc strukturlarının (polis, daxili qoşunlar və xüsusi xidmət orqanları) köməyi ilə bunların qarşısı alınmağa çalışılsa da, Azərbaycan Ukraynadan sonra ilk dəfə ordunun yaradılması haqqında qərar qəbul etdi:

“İlk dəfə “701” saylı hərbi hissə yaradıldı. İlk yaranan hərbi hissənin adına “701” verilməsinin səbəbi, Cümhuriyyətin yaşadığı günlərin sayı oldu. Digər respublikalardan fərqli olaraq Azərbaycanda siyasi vəziyyət həddindən artıq qarışıq idi. Azərbaycan təcavüzə məruz qalmışdı. Olduqca çətin bir şəraitdə Azərbaycan islahatlara ordu quruculuğundan başladı. Sovet ordusunda xidmət edən azərbaycanlı zabitlər oranı tərk edərək ölkəmizdə xidmət etməyə başladılar. Əsasən zabit kadrlarına böyük ehtiyac var idi. Ona görə müəyyən vaxt xidmət keçmiş, hərbi təhsili olan kadrlar hesabına Azərbaycan ordusunun təşkil olunmasına başlanıldı. Birləşmələr təşkil olunduqdan sonra cəbhə bölgələrinə göndərildi.

Bundan əlavə Qarabağda əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yerli icra orqanlarına yerli özünümüdafiə batalyonlarının yaradılması barədə göstərişlər verildi. İlk vaxtlarda yerli özünümüdafiə batalyonları yaradıldı. Çətin olsa da, onlar müxtəlif vasitələrlə silahla təmin edilirdi. Fəal gənclərdən, hərbi xidmət keçmiş sıravilərdən, çavuş, gizir və zabitlərdən ibarət olan batalyonlar müharibənin ilk dövrü üçün erməni işğalçılarının qarşısını almaq güclərini ortaya qoydular. Daha sonra isə Müdafiə Nazirliyinin strukturları getdikcə peşəkarlaşdı. Həmin yaranan özünümüdafiə batalyonları ya ləğv edilirdi, ya da daha böyük birləşmələrin tərkibinə daxil edilirdi. 1993-cü ildən Müdafiə Nazirliyinin daha da peşəkarlaşdırılması, yeni hərbi hissələrin yaradılması üçün atəşkəsə qədər müəyyən addımlar atıldı. Atəşkəs imzalandıqdan sonra Azərbaycan ordusunda üçüncü mərhələ başladı”.

“Neft kontraktlarının imzalanmasından, ölkəyə investisiyanın qoyuluşundan sonra Azərbaycanda vəziyyət əvvəlkinə nisbətən qat-qat yaxşılaşdı ki, bu da ordunun inkişafına gətirib çıxardı” deyən Tərlan Eyvazov bildirib ki, maliyyənin artması müasir ordumuzun quruculuğuna təkan oldu:

“90-cı illərin axırlarında orduya ayrılan vəsait əgər 112 milyon dollar idisə, indiki dövrdə bu rəqəm milyardı aşır. Şəxsi heyətin sayının o qədər də artmaması fonunda Azərbaycan ordusuna ayrılan vəsait olduqca böyük məbləğdir. Bunun nəticəsində daha müasir standartlara cavab verən şəhərciklərin tikilməsi, “SOS”la məsələlərin həll edilməsi və ən əsası isə müasir silahlarla təmin olunmasıdır. İstər ABŞ kimi fövqəl dövlətlər, istərsə də, Avropa ölkələri Azərbaycana silah satışından imtina etdi. Buna görə də, Azərbaycan digər vasitələrlə daha baha qiymətə silah almağa başladı”.

Azərbaycan ordusunun keçirdiyi paradlarla bağlı isə hərbi ekspert bunları dedi:

“Parad -nümunəvi görüntüdür, tamaşa deməkdir. Azərbaycan ordusu 1992-ci ildə və 5 il bundan öncə hərbi parad keçirmişdi. Bu isə sayca üçüncü, əvvəlkilərdən daha möhtəşəm, daha geniş parad olacaq. Parad gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə çox böyük köməklik edir, ordunun döyüş ruhunu yüksəldir, insanların orduya münasibətini müsbətə doğru dəyişdirir. O illəri görmüş bir şəxs kimi deyirəm, ordunun yaranmasının ilk illəri çox çətin idi. Bir korpusun qoruya biləcəyi ərazini bir hərbi hissə qoruyurdu, bir hərbi hissənin qoruyacağı ərazini isə bir batalyon. Buna baxmayaraq, ərazilərin itirilməsinin günahını əksəriyyət orduda görürdü. Aprel döyüşlərindən, sonuncu Naxçıvan olaylarından sonra əhalinin orduya münasibəti müsbət mənada dəyişib. Ordunun hər an döyüşə hazır olması, peşəkarlığın artırılması, müəyyən əməliyyatların aparılmasından sonra əhalinin orduya baxışı əvvəlkindən tamamilə fərqlidir”.

Paradın keçirilməsini çox yüksək qiymətləndirdiyini deyən Tərlan Eyvazov qeyd edib ki, parada Qarabağ müharibəsi veteranlarının dəvət edilməməsini anlaya bilməyib:

“Əfqanıstanda da xidmət etmişəm. Sovetlər Birliyi dağılıb, ancaq hələ də bizi yada salırlar. Təəssüflər olsun ki, Azərbaycanda zəhmət çəkənlər lazımi aidiyyatı orqan tərəfindən yada salınmır. Bəzi insanlar, təşkilatlar özlərindən medal icad edib, onu istədikləri şəxslərə verirlər. Hətta bu məsələdə iştirakı olmayan məmura da verirlər ki, işlərini həll etsinlər. Bu da döyüş yolu keçən, yaralanan insanlarımızın olduqca  qəlbinə toxunur. Bu məsələyə də aidiyyatı orqanlarımız bir çarə qılmalıdırlar.

Böyük bir parad keçirildiyi halda veteranları da ora cəlb etməyiblər. Qarabağ müharibəsi veteranlarını nə parada baxmağa dəvət etməyiblər, nə də orada öndə getməyə. Rusiyada ll Dünya müharibəsi iştirakçıları Moskvada parad keçiriləndə öndə gedir. Bütün bunlardan bəhrələnmək olardı. Bunu niyə etmədilər, bilmirik. Fakt odur ki, biz çətin zamanda ordu quruculuğunda iştirak etmişik”.

Səxavət Məmməd

COP29