Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında növbəti “Müharibə iştirakçıları üçün biznes təlimləri” baş tutub.
Layihə rəhbəri, “Vətən bağı” Sosial Təşəbbüslər İB-nin rəhbəri Emin Tarverdiyev tədbiri açaraq qonaqları salamlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutan təlimin məqsəd və mahiyyəti barədə məlumat verən layihə rəhbəri qeyd edib ki, bu, Naxçıvanda keçirilən beşinci belə təlimdir: “Geridə qalan dörd təlimdən sonra əldə etdiyimiz müsbət nəticələr var ki, bu da bizi vətəndaş cəmiyyəti olaraq sevindirir. Bu işlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi danılmazdı. Biz çalışırıq ki, bizneslə məşğul olmaq istəyən müharibə iştirakçıları və şəhid ailəsi üzvləri asanlıqla aşıla bilən baryeri özləri üçün problem kimi görməsinlər. Çünki düzgün strategiya ilə qurulmuş biznes bir daha sübut edir ki, siz kimdənsə asılı olmursunuz, həm də iş yeri açmaqla dövlətə dəstək verirsiniz. Biz sevinərik ki, belə təlimlərdən yararlanıb özünüzün biznesinizi yaradasınız. Dəvətimizi qəbul edib bu təlimə qoşulduğunuza görə hər birinizə təşəkkür edirəm”. E.Tarverdiyev təlimin keçirilməsi üçün yaratdıqları şəraitə görə Culfa rayon İcra Hakimiyyətinin rəhbərliyinə və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinə, o cümlədən təlimin işıqlandırılmasında rolu olan yerli media qurumlarına da minnətdarlığını çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisini deputatı Cəbi Quliyev qonaqları salamlayaraq bu gün dövlətin şəhid ailələri, qazilərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Təlim iştirakçılarına uğurlar arzulayan millət vəkili bu tip təlimlərin faydalılığını da diqqətə çatdırıb: “Bu gün” Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda belə bir təlimi reallaşdırması düşünürəm ki, sizlər üçün çox vacibdir. Sadəcə siz bundan bəhrələnib, özünüz üçün yeni bir dönəmə start versəniz, qısa bir müddət sonra bunun nəticəsinə hamımız şahidlik edəcəyik. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə bu işinə görə təşəkkür edirəm”.
Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin bu gün üçün aktuallığını diqqətə çatdıran Vüsal Novruzov onların bu sahədə görə biləcəyi işlərdən, Dövlət Məşğulluq Agentliyinin və KOBİA-nın onlara verə biləcəyi dəstəkdən danışıb: “Bildiyiniz kimi, təlimə başlayanda biz pre test keçirdik. Yekunda isə post test keçirərək layihə rəhbəri ilə nəticələri müzakirə edəcəyik. Geridə qalan dörd təlimin nəticələri qənaətbəxşdir və bu artıq təlimimizin faydalılığını göstərir. Naxçıvanda artıq beşinci təlimimiz baş tutur. Şahbuz, Şərur, Kəngərli və Babək rayonlarında baş tutan təlimlər zamanı bizə müraciət edənlərin hər biri ilə fərdi söhbət apardıq, biznes planının tərtib olunması, brendin yaradılması, loqo və sloqan seçimində kömək olaraq yardım əlimizi uzatdıq. Düşünürəm ki, Culfada keçirilən bu təlim sizlər üçün də geridönüş rolunu oynayacaq. Biz bu işdə sizlərə bütün köməkliyi göstərməyə hazırıq”.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımı bilgilər verilib.
www.yenicag.az