Vətəndaş cəmiyyətinin formalaşmasında QHT-in rolu varmı, yoxmu?
Zahid Oruc: “QHT sektoru bir qisimlərin fəaliyyəti ilə ona görə zədələndi ki…”
Şahin Rəcəb: “QHT-lər vətəndaş cəmiyyətinin formalaşmasına, cəmiyyətin mobilləşməsi, təhsil, savadın artırılmasına xidmət edirlər”
Azərbaycanda qeyri-hökumət təşkilatları da xeyli inkişaf edib. Onlar ölkəmizdə demək olar ki, bütün sahələr üzrə ixtisaslaşıblar. QHT-in başlıca rolu vətəndaş cəmiyyətinin formalaşmasına öz töhvələrini verməkdən ibarətdir.
Görəsən, ölkəmizdə QHT-lər vətəndaş cəmiyyətinin formalaşmasında nə dərəcədə rol oynaya bilirlər?
Millət vəkili Zahid Oruc Yenicag.az-a açıqlamasında bildirdi ki, vətəndaş cəmiyyəti təkcə QHT strukturlarının çiynində durmur: “İctimai fəallıq, təşəbbüskarlıq, dövlət institutlarının fəaliyyətinə nəzarətin formalaşması işində heç şübhəsiz QHT-in rolu və yerini danmaq olmaz. Onlar aktiv şəkildə beynəlxalq əlaqələr quruculuğuna qərar veriblər. Hakimiyyət institutları ilə təmas nöqtəsi tapıblar. Amma təəssüf, Azərbaycanda QHT sektoru bir qisimlərin fəaliyyəti ilə ona görə zədələndi ki, onların çoxu ya siyasiləşdi, müxtəlif partiyaların əlavəsinə çevrildi, ya da xarici maraqların təsir alətinə döndülər. Bu səbəbdən Azərbaycan dövləti tərəfindən atılan addımlar da həmin qüvvələr tərəfindən süngü ilə qarşılandı. Halbuki, şəffaflıq, təmizlik, strukturlaşma baş versəydi, belə əlahiddə ajiotaj da yaranmazdı. QHT sektorunu müxalif cinahdan müşahidə edən qələm sahibləri “yenidiz, taladınız, özünüz korrupsionersiniz” damğaları ilə onları tuşladı. Həqiqətən də belə idi. O təşkilatların bölgələr üzrə təmsilçisi olsaydı, prosesdə Azərbaycan insanı fəal olaraq iştirak etsəydi, QHT sektorunun gündəliyi ilə Azərbaycanın milli maraqları uzlaşsaydı, vəziyyət belə xarakter də daşımazdı. Bu gün ola bilməz ki, Azərbaycan xalqı Qarabağ məsələsi üçün savaşsın, QHT-lər isə hansısa dövlətin mənfəəti üçün çalışsın.Onda insanların ixtiyarı var ki, soruşsun, “siz kimə işləyirsiniz”? Həqiqətən də QHT strukturunun fəaliyyəti dövlət sektoruna nəzarət etməklə yanaşı, problemləri qabartmaqdırsa, onlar orada iştirak etmirsə, deməli bu qüvvələr kənar bir mövcudluğa çevrilirlər. Hazırkı dövrdə QHT fəaliyyətinin mənzərəsi budur. Amma ümidvaram ki, 10 il sonra Azərbaycanda QHT sektorunun fəaliyyəti indikindən qat-qat güclü olacaq”.
QHT sahəsi üzrə mütəxəssis Şahin Rəcəb isə vətəndaş cəmiyyətinin formalaşmasında QHT-in rolunun artıq nəzərə çarpdığını dedi: “İstər-istəməz humanitar, insan hüquqları və qanunvericiliyin təbliği, ekologiya, səhiyyə və təhsil sahəsində həyata keşirilən layihələrin hər birinin öz özlüyündə auditoriyası, faydalanan əhali qrupu var. Onlar artıq layihələrin nə olduğunu, problemlərin həllinin necə olduğunu başa düşürlər. Yəni dövlətin üzərində düşən funksiyaların bir qismini bu təşkilatlar həyata keçirir və bununla istər-istəməz vətəndaş cəmiyyətinin formalaşmasına, cəmiyyətin mobilləşməsinə, təhsil, savadın artırılmasına xidmət etmiş olurlar”.
Rüfət