Vətəndaş Həmrəyliyi Partiyasında 21 Azər Hərəkatının 80 illiyi qeyd edilib

media-hightechnic-468x90

 

Sabir Rüstəmxanlı: “Cəmi 1 il ömür sürmüş Milli Hökumət Güney Azərbaycanda istiqlal hərəkatının tarixi yaddaşının bərpasına mühüm töhfələr verdi”

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında “21 Azər” Hərəkatının ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə öncə Güney və Quzey Azərbaycanda Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Siyasi partiyaların rəhbərləri, jurnalistlər, vətəndaş cəmiyyətinin üzvləri və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, tədbirin məqsədi 1945-ci ildə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin tarixinə nəzər salmaq və həmin şərəfli tarixi təbliğ etməkdir. Xalq şairi “21 Azər” Hərəkatından geniş bəhs edərək tarixi faktları və həmin dövrdə baş verən hadisələri xatırladıb. VHP sədri qeyd edib ki, 21 Azər Hərəkatı 1945-ci ilin noyabrından 1946-cı ilin noyabrına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş müstəqil Azərbaycan dövlətinin yaranışı ilə bağlıdır:

“Azərbaycan Milli Hökuməti cəmi bir il mövcud olmasına və Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil milli dövlətçilik cəhdi olub. Bu dövlətin süqutundan sonra onun bir sıra tanınmış xadimləri Azərbaycana mühacirət ediblər. Ömrü az olmasına baxmayaraq, bu gün də Güney Azərbaycanda xalq həmin tarixi böyük sayğı ilə anır. Səttarxanın “Məşrutə inqilabı”, Şeyx Məhəmməd Xiyabaninin “Azadıstan” milli hökuməti kimi, Seyid Cəfər Pişəvəri hərəkatı da millətin birliyi və demokratik hökumətin qurulması amalına canla-başla xidmət edib. Cəmi 1 il ömür sürmüş Milli Hökumətin qəbul etdiyi bəyannamə o zaman Güney Azərbaycanda istiqlal hərəkatının tarixi yaddaşının bərpasına mühüm töhfələr verib”.

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz çıxışında bildirib ki, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi bu hökuməti Azərbaycan türklərinin uzun illər apardığı milli-azadlıq hərəkatının təbii yekunu hesab etmək olar. Azərbaycan Milli Hökuməti xalqın böyük dəstəyi ilə Təbriz Dövlət Universitetinin və çoxsaylı orta məktəblərin açılması, milli teatrın və milli filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi kimi mühüm işlər həyata keçirib. Hökumətin süqutundan sonra beynəlxalq imperializmdən dəstək alan İran rejimi Azərbaycana heç bir siyasi və mədəni hüquq tanımayıb və Cənubi Azərbaycanda yaşayan, İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla rejiminin əsarəti altında saxlamaqda davam edib.

DAK İdarə Heyətinin üzvü Babək Muğanlı qeyd edib ki, Cənubi Azərbaycanda baş vermiş milli-demokratik hərəkat bütün dünyada böyük rezonans doğurub:

“Beş milyondan çox bir xalqın geniş təbəqələrini əhatə edən bu hərəkat əsrin qabaqcıl hərəkatlarından biri kimi tarixə düşdü və siyasət dünyasının ən mütərəqqi hadisələri ilə bir sırada yer aldı. Bütün dünya Asiyanın bir guşəsində diri, canlı və istedadlı bir xalqın azadlıq və demokratiya yolundakı mübarizəsini gördü. İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə saziş imzalamasına baxmayaraq, Təbrizə ordu yeridərək şəhəri nəzarətə götürdü və ardınca Milli Hökumətin üzvlərinə və fəallarına qarşı repressiyalar həyata keçirdi. Bəzi mənbələrə görə, bu əməliyyat zamanı 30 mindən çox təbrizli qətlə yetirilib. Minlərlə insan öldürülüb, bir çoxları sürgün olunub. 21 Azər Hərəkatının faciəli nəticələrindən sonra qırğından canını qurtaran fəallar sərhədləri hələ açıq olan Sovet Azərbaycanına keçiblər. Başda S.C. Pişəvəri olmaqla minlərlə təbrizli Sovet Azərbaycanına sığınıb. Pişəvəri bir il sonra Yevlax yaxınlığında müəmmalı avtomobil qəzasında həlak olur. Milli Hökumət qurucularının Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda apardığı mübarizə onların adlarını tarixə əbədi yazıb və bu gün də Güney Azərbaycandakı soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsinə ciddi təkan verib”.

İranlı Mühacirlər Cəmiyyətinin sədr müavini Yədulla Kənani Cəmiyyətin “Milli Hökumət-80” layihəsi çərçivəsində nəşr etdirdiyi iki kitabı tədbir iştirakçılarına təqdim edərək Milli Hökumətin fəaliyyətindən danışıb:

“Azərbaycan Milli Hökuməti xalqın böyük dəstəyi ilə dövlətin mühüm işlərini həyata keçirib. Təhsil islahatları çərçivəsində Təbriz Dövlət Universiteti və çoxsaylı orta məktəblər yaradılıb. Bundan başqa, Təbrizdə Milli Teatr, Milli Filarmoniya və Milli Kitabxanalar açılıb. Eyni zamanda, torpaq islahatı həyata keçirilib, iri banklar milliləşdirilib, dövlət məmurlarının rüşvət almasının qarşısını alan ciddi qanunlar qəbul olunub. Şəhərlərlə yanaşı, kəndlərdə səyyar xəstəxanalar və sağlamlıq klinikaları təşkil edilib. Azərbaycan Milli Hökumətinin əsas silahlı qüvvəsi 1946-cı ildə formalaşıb. Ordunun əsasını könüllülərdən ibarət fədai dəstələri təşkil edib, həmçinin Təbrizdə hərbi kadrlar hazırlayan məktəb yaradılıb”.

Sabiq millət vəkili Tahir Kərimli bildirib ki, 21 Azər hərəkatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi 1945-ci ilin noyabrından əvvəl də başlamışdı. Rəsmi xarakterini isə 1946-cı il yanvarın 6-da qəbul olunan “Dil haqqında Milli Hökumətin Qərarı” ilə aldı. Qərara əsasən, “bu gündən etibarən Azərbaycanda rəsmi dil türk dilidir”. Bu müddətə qədər türk dili bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərinin sürətli nəşrinə başlanmışdı.

Güney Azərbaycan Milli Hökuməti dövründə aparılan mədəni islahatların mühüm istiqamətlərindən biri də ana dilli mətbu orqanların nəşri idi. Milli Hökumət sosial və iqtisadi dəyişikliklər məqsədilə bir sıra ciddi islahatlara da başladı.

Xalq hərəkatı fəallarından biri Siyavuş Mustafa çıxışında “21 Azər” hərəkatının tarixi əhəmiyyətini vurğulayıb:

“Azərbaycan Milli Hökuməti fəaliyyət göstərdiyi cəmi bir il ərzində öz bayrağını və himnini qəbul edib, qadınlara səsvermə hüququ verib, parlament yaradıb, ana dilində məktəblər, Azərbaycan Radioverilişləri Agentliyi, Təbriz Dövlət Universiteti açıb. Dövlət Teatrı, İncəsənət Muzeyi, Azərbaycan Milli Orkestri və onun əsasında təşkil olunmuş Dövlət Filarmoniyası fəaliyyətə başlayıb, ana dilində mətbuat orqanları nəşr edilib. Lakin fars şovinizmi dünya gücləri ilə əlbir olaraq Güney Azərbaycanda azadlıq ocağını söndürməyə nail oldu. Buna baxmayaraq, Arazın o tayında yaşayan azərbaycanlıların milli hüquqları uğrunda mübarizəsi bu gün də davam edir”.

Digər çıxışçılar da Milli Hökumətin tarixindən və Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərindən danışıblar. Sonda Milli Hökumətin dövlət himni səsləndirilib.

Qeyd edək ki, 12 dekabr 1945-ci ildə Təbriz şəhərində böyük çətinlik və xalqın iradəsi ilə Azərbaycan Milli Hökuməti qurulub. Bu gün tarixə “21 Azər” Hərəkatı kimi düşüb. Hərəkatın adı İran təqviminin 21 Azər gününə – 12 dekabra təsadüf etməsi ilə bağlıdır. Hökumət Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə fəaliyyət göstərib.

Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin və Səttarxanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərəkat qanla yatırılıb, soydaşlarımızın hüquqları üçüncü tərəfin müdaxiləsi ilə əllərindən alınıb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyası təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün nümunə ola biləcək bir hadisədir.

Güney Azərbaycan Milli Hökuməti ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi, həmçinin SSRİ-nin Pişəvərini aldatması nəticəsində 12 dekabr 1946-cı ildə süquta uğradıldı. Hökumətin devrilməsindən sonra minlərlə Azərbaycan türkü qətlə yetirildi və sürgünə göndərildi.

Devrilişdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Onlar ölkənin 34 rayon və şəhərində yerləşdirildi. Mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə avtomobil qəzasına düşdü və xəstəxanada müəmmalı şəkildə vəfat etdi. Silahdaşları onun Stalinin rəhbərlik etdiyi sovet rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü bildirirdilər, çünki qəza zamanı yüngül xəsarət almış və özünü normal hiss edirmiş.

Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunub. Maarif naziri Məhəmməd Biriya sovet rejimi tərəfindən 22 ildən çox həbsdə saxlanılıb. Milli Hökumətin digər qurucuları da həbs və sürgünə məruz qalıb, ağır mühacirət həyatı yaşamağa məcbur olublar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa