VƏTƏNDAŞ MÜHARİBƏSİ QORXUSU: ABŞ-ın işğal ssenarisi Qrenlandiyanı qarışdırdı
Dünyanın ən böyük adası olan Qrenlandiya hazırda ABŞ və Danimarka arasında geosiyasi döyüş meydanına çevrilib. Ağ Evin adanı satın almaq planı nəinki dövlətləri, hətta ailələri də bir-birinə düşmən edib.
Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın “satınalma” ambisiyası Qrenlandiyada vətəndaş müharibəsi xofunu pik həddə çatdırıb.

Adada yaşayan sakinlər artıq psixoloji sarsıntı içindədir. 65 yaşlı təqaüdçü Hedviq Frederiksenin hər təyyarə səsi eşidəndə pəncərəyə qaçması artıq bir refleksə çevrilib. Qızı Aviaja Fontainin sözlərinə görə, anası və minlərlə qrenlandiyalı telefonlarına təyyarə izləmə tətbiqləri yükləyib. Onlar hər an ABŞ-ın Venesuelada olduğu kimi qəfil hərbi əməliyyata başlayacağından qorxurlar.
Trampın adadakı “qeyri-rəsmi elçisi” sayılan iş adamı Jorgen Boassen hazırda Danimarkada mühacirət həyatı yaşayır. O, adada fiziki hücumlara məruz qaldığını, nişanlısının ailəsi tərəfindən qovulduğunu və kərpic zavodunun “qara siyahı”ya salınaraq bağlandığını iddia edir. Boassenin fikrincə, ada faktiki olaraq vətəndaş müharibəsinin astanasındadır.

Ağ Evin sözçüsü Karolin Leavittin “Bütün variantlar masadadır” açıqlaması isə alovun üzərinə benzin töküb. Hər nə qədər prioritet diplomatiya elan edilsə də, Vaşinqtonun Qrenlandiyanı strateji hədəf seçməsi Danimarka rəhbərliyini ayağa qaldırıb. NATO müttəfiqi olan Danimarka rəsmiləri bəyan edib ki, ərazi bütövlüyünə qarşı istənilən addım hərbi ittifaqın rəsmən dağılması demək olacaq.
Qrenlandiya deputatı Kuno Fenker xalqın 84 faizinin Danimarkadan ayrılmaq istədiyini təsdiqləsə də, vacib bir məqamı vurğulayıb: “Biz Danimarkadan azad olmaq istəyirik, ABŞ-ın əsarətinə girmək yox!” Deputat qrenlandiyalıların silahlanacağına inanmasa da, sosial bölünmənin və nifrətin artıq geri dönülməz nöqtəyə çatdığını bildirib.
Görünən odur ki, Trampın Qrenlandiya üçün hazırladığı “satınalma çeki” adada dinc həyatın sonunu gətirib. İndi hər kəs tək bir suala cavab axtarır: Amerika ordusu adaya nə vaxt enəcək?
Məsimə Məmmədova












