Son günlər “Unibank”a məxsus debet kartlarına mədaxil edilən zaman müəyyən məbləğdə faizlər tutulur ki, bu da vətəndaşların narazalığına səbəb olub. Belə ki, karta daxil edilən mədaxil 200 AZN-i keçdiyi təqdirdə istifadəçinin hesabından 1 manat məbləğində ödəniş tutulur. Öncədən xəbərdarlıq edilmədən kartlara qoyulan limit müştərilər tərəfindən etirazla qarşılanıb.
Məsələ ilə bağlı Yenicag.az-a fikirlərini bildirən iqtisadçı ekspert Natiq Cəfərli banklar tərəfindən tətbiq olnan yeni qaydaları bu cür dəyərləndirib:
“Burada önəmli məsələ bundan ibarətdir ki, istifadəçi bankla müqavilə bağladığı vaxt sənədi diqqətlə nəzərdən keçirməsi lazımdır. Əgər bankla müqavilə bağlanan zaman tariflərin sonradan dəyişdirilə biləcəyi ilə bağlı şərtlər kiçik hərflərlə də olsa sənəddə əksini tapırsa, müştəri banka qarşı heç bir iddia qaldıra bilməz. Yox, əgər həmin şərtlərlə bağlı müqavilədə heç bir müddəa əks edilməyibsə, bu zaman vətəndaş haqlı tərəf sayılır və belə durumda məhkəməyə müraciət edə bilər”.
Araşdırmamıza əsasən, “Unibank”ın müştərilərlə bağladığı müqavilədə sözügedən məsələ ilə bağlı heç bir şərt öz əksini tapmayıb. Həmçinin, öncədən istifadəçilərə yeni tətbiq edilmiş qayda ilə bağlı heç bir xəbərdarlıq və ya bildiriş göndərilməyib. Bu da bank müştərilərinin haqlı narazılığına səbəb olub.
Yusif Səmədzadə
www.yenicag.az