!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Virusla mübarizədə yaşlı insanlarımıza dəstək olaq” – Vitse-spikerdən ÇAĞIRIŞ

!Reklam – Yazi

“Könüllülər marketlərdən, o cümlədən apteklərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus təhlükəsi ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə cəmiyyətin münasibətini şərh edən Milli Məclisin vitse-spikeri Adil Əliyev bildirib.

Adil Əliyevin sözlərinə görə, koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Ona görə də lazımi qaydalara düzgün əməl etmək vacibdir:

“Özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Koronavirus pandemiyasının ölkəmizdə ağır vəziyyət almaması üçün həm Milli Məclis, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir.

Lazım olmadıqca evdən bayıra çıxmaq, restoran, çayxana və böyük dükanlara getməmək məsləhətlidir. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik.

Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də “Mall”arda, çayxanalarda və “playstation”larda gənclərimizə rast gəlmək olur.

Bir müddət bayıra çıxmaq, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz!”.

Adil Əliyev qeyd edib ki, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Buna görə də onları qorumalıyıq:

“Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir.

Hələ ki bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı.

Həmin könüllülər marketlərdən, o cümlədən apteklərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

1168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv