Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Rusiya dövlət televiziyasına verdiyi müsahibəsində SSRİ–yə daxil olarkən bəzi keçmiş Sovet respublikalarına Rusiyadan və rus xalqından xeyli sayda torpağın kəsilərək onlara peşkəş çəkilməsindn danışıb və bu respublikaların SSRİ-nin tərkibindən bu torpaqlarla birlikdə çıxmasından gileylənib.
Putin qeyd edib ki, Sovet konstitusiyasında SSRİ-dən çıxma qaydaları tam aydın olaraq göstərilmədiyindən, bu respublikalar daxil olduqları torpaqlarla çıxmalı, onlara sonradan verilmiş torpaqları geri qaytarmalı idilər.
Rusiya prezidentinin bu sözləri bir çox keçmiş SSRİ-yə daxil olan respublikaların ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb, qınaq və diskussiya obyektinə çevrilib.
Bir sıra ekspertlər Putinin sözlərini referendum qabağı daxili auditoriyaya ünvanlandığını iddia edir. Lakin bəziləri bu sözləri keçmiş Sovet respublikalarına, xüsusən də Ukrayna, Belarus və Qazaxıstana ünvanlandığını deyir. Mənim fikrimcə, hər iki faktor burada rol oynayır.
Dünən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Putinin sözlərinin düz anlaşılmadığını və Rusiyanın qonşularına qarşı heç bir ərazi iddialarının olmadığını bəyan edib. Lakin iki qonşu ölkənin ərazisini işğal edən bir dövlətin qonşularına qarşı ərazi iddialarının olmaması fikri düzü inandırıcı deyil.
Amma mən “torpaq hədiyyəsi” məsələsinin üzərində bir qədər durmaq istərdim. Səbəbi isə, SSRİ-də gedən bu “torpaq bağışlama” prosesində Azərbaycanın xeyli torpaq itirməsidir.
Belə ki, 1918-ci ildə ermənilər İrəvan xanlığının tarixi torpaqlarını əhatə edən erməni Ararat Respublikası yaradarkən bu dövlətin ərazisi 10 min kv.km-dən az idi. 1918-20-ci illər ərzində Gürcüstan, Türkiyə və Azərbaycan ərazilərini zəbt edən Ermənistan bu ərazini xeyli genişləndirir. Lakin 1920-ci ilin sonunda Türkiyə ilə müharibə avantyurasına girən erməni hökuməti tez bir zamanda müharibəni uduzur və bu məğlubiyyətin nəticəsi kimi heç vaxt qüvvəyə minməyən Aleksandropolda (Gümrü) 1920–ci ilin 2 dekabrında Türkiyə ilə saziş imzalayır. Sazişə görə, Ermənistan yenidən 1918-ci ilin sərhədlərinə, yəni 10 min kv. km. hüdudlarına qayıdırdı. Həmçinin, Ermənistanın gələcəkdə işğalçılıq siyasətinin qarşısının alınması üçün Ermənistan ordusunun formal xarakter daşıması da nəzərdə tutulurdu.
Lakin müqavilənin bağlanmasından bir neçə saat əvvəl, yəni dekabrın 2-dən 3-ə keçən gecə İrəvanda baş vermiş “inqilab” və Ermənistanın Sovet Rusiyası tərəfindən ilhaqı bu sazişin qüvvəyə minməsinə imkan vermir.
Beləliklə, Sovet Rusiyası tərəfindən 10 min kv. km. ərazi ilə ilhaq olunan Ermənistan 1991-ci ildə SSRİ-nin tərkibindən 30 min kv. km. ərazi ilə çıxır. Bəs bu ərazi artımı nəyin hesabına mümkün olur?
Ermənistan ərazsisi qismən Gürcüstan torpaqları, böyük hissəsi isə Azərbaycan torpaqları hesabına genişləndirilir.
Belə ki, Sovet Rusiyası 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdə, AXC-nin ərazisi 113900 kv. km. idi. 1991–ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdə isə Azərbaycan Respublikasının ərazisi 86600 kv. km. idi.
Beləliklə, Sovet zamanı 27000 kv. km. ərazinin (Albaniya respublikasının ərazisinə bərabər bir ərazidən söhbət gedir) Azərbaycandan qoparıldığı və müxtəlif qonşu ölkələr arasında paylaşıldığı faktdır. Bu ərazilərin böyük hissəsinin isə (ələlxüsus, Göyçə və Zəngəzur mahalları) Ermənistana verildiyini görürük.
Məhz buna görə, Ermənistan indiki mövcud olan sərhədlərə malikdir. Mən hələ işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları qoyuram bir qırağa. Odur ki, Vladimir Putin bəlkə bilərəkdən, bəlkə də bilməyərəkdən sərhədlər və bağışlanmış torpaqlar disskusiyasını yenidən açmış oldu. Əgər söhbət tarixi ədalət prinsipindən və bir sıra torpaqların tarixi mənsubiyyətindən gedirsə, onda ilk olaraq Rusiyanın müttəfiqi (Qafqazda forpostu) Ermənistanın sərhədləri yenidən gözdən keçirilməlidir. Azərbaycan Respublikası AXC-nin varisi kimi itirilmiş torpaqlara iddia etmək üçün həm hüquqi, həm də mənəvi əsaslara malikdir.
Əli Hacızadə
politoloq, “The Greater Middle East” layihəsinin rəhbəri
www.yenicag.az