Kreml üçün "SON ZƏNG ": Müharibənin taleyini cəbhə yox, çökən büdcə həll edəcək?
“Rusiya – Ukrayna müharibəsi bir neçə il də davam edərsə, Rusiya iqtisadi səbəblərə görə münaqişəni özü bitirə bilər.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq Rusiya-Ukrayna müharibəsi gedişatında Rusiya iqtisadiyyatının nə dərəcədə dayanıqlı olması məsələsinə aydınlıq gətirib:
“İllərdir Rusiyanın iqtisadi və hərbi resurslarının tükənməsi haqqında müzakirələr gedir. Məsələ ondan ibarətdir ki, Rusiya uzun müddətdir müharibə aparsa da, resursların tamamilə tükənməsinə dair hələlik hər hansı ciddi göstərici nümayiş etdirməyib. Belə olan təqdirdə deyə bilərik ki, bu tipli məlumatlar Rusiyanın mediasında Ukrayna üçün də səsləndirilir. İnformasiya müharibəsi çərçivəsində bu kimi xəbərlər geniş təbliğ olunur. Həqiqət payı olsa da, reallıq deyildiyi və ya yazıldığı qədər kəskin deyil. Rusiya bu müharibəyə illər öncədən hazırlıq görmüşdü. Bu, işğalçı bir müharibədir və Rusiya mümkün təzyiqləri, sanksiyaları gözə alaraq hərbi əməliyyatlara başlamışdı. Hələ müharibədən öncə istər xarici valyuta ehtiyatları, istərsə də iqtisadi sazişlər baxımından müdafiə mexanizmləri qurulmuşdu. Rusiyanın neft və qaz sazişləri uzunmüddətli xarakter daşıyırdı. Böyük ehtimalla, Rusiya bütün riskləri nəzərə alaraq bu prosesləri öncədən planlaşdırmışdı.”
Politoloq qeyd edib ki, müharibə daha bir neçə il davam edərsə, Rusiya iqtisadiyyatı bu yükü qaldırmaya bilər:
“Hər bir halda müharibənin uzanması iqtisadi geriləməyə səbəb olur və bu, Rusiya üçün heç də arzuolunan mənzərə deyil. Müharibə artıq bir neçə ildir davam edir; bundan sonra da prosesin illərlə uzanması Rusiya iqtisadiyyatını ciddi şəkildə zorlayar və nəticədə müharibənin dayanmasına gətirib çıxara bilər.”
Nurlan Cəfəri












