İsrail ABŞ-ı seçim qarşısında qoyur: İran dosyesində YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

İsrail hökuməti İranla bağlı danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşmasını istəmir.

Yenicag.az xəbər verir ki, baş nazir Benjamin Netanyahu Vaşinqtona səfəri ərəfəsində açıq şəkildə bəyan edib ki, ABŞ ilə müzakirələrdə əsas mövzu Tehran olacaq və İsrail bu danışıqların çərçivəsinin genişləndirilməsinə çalışacaq. Onun məqsədi təkcə uranın zənginləşdirilməsi məsələsini deyil, həm də İranın ballistik raket proqramını gündəmə gətirməkdir.

Netanyahunun sözlərinə görə, istənilən razılaşma yalnız nüvə obyektlərini əhatə etməməlidir. O hesab edir ki, İranın raket arsenalı ayrıca və real təhlükədir. Xüsusilə ötən ilin iyununda İsrail ilə İran arasında baş vermiş 12 günlük qarşıdurmadan sonra Təl-Əvivdə bu narahatlıq daha da artıb. Həmin dövrdə İranın atdığı ballistik raketlər həm hərbi, həm də mülki hədəflərə zərbə endirmişdi.

Donald Tramp ilə altıncı görüş

Çərşənbə günü keçirilməsi planlaşdırılan görüş Donald Trampın yenidən Ağ Evə qayıdışından sonra iki lider arasında altıncı təmas olacaq. Netanyahu bu səfəri strateji baxımdan həlledici sayır. O, Vaşinqtonu inandırmağa çalışacaq ki, İranla mümkün razılaşma yalnız zənginləşdirmənin dayandırılması ilə kifayətlənməməli, raketlərin mənzilinin məhdudlaşdırılmasını və Tehranın bölgədəki silahlı qruplara dəstəyinin dayandırılmasını da əhatə etməlidir.

İsrail tərəfi xüsusilə 300 kilometrdən artıq mənzilli raketlərin məhdudlaşdırılmasını vacib sayır. Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana tam və nəzarətsiz giriş imkanının bərpası da Təl-Əvivin əsas tələblərindəndir.

Məhdud saziş qorxusu

İsraildə əsas narahatlıq Vaşinqtonun Tehranla dar çərçivəli, müvəqqəti bir razılaşmaya getməsi ehtimalıdır. Belə bir saziş uranın zənginləşdirilməsini müvəqqəti dayandıra bilər, lakin raket proqramına toxunmaya bilər. İsrail ekspert dairələrində hesab olunur ki, bu, təhlükənin kökünü aradan qaldırmır və gələcəkdə daha böyük toqquşmaya zəmin yarada bilər.

Tehran isə indiyə qədər danışıqların yalnız nüvə mövzusu ilə məhdud qalmasında israr edir. İran rəhbərliyi raket proqramını müdafiə xarakterli sayır və onu müzakirə predmeti kimi qəbul etmir. Eyni zamanda, bölgədəki müttəfiq silahlı qruplara dəstək məsələsini də “regional siyasət” çərçivəsində qiymətləndirir.

Seçki ili və siyasi mesaj

Netanyahu üçün bu səfər yalnız xarici siyasət məsələsi deyil. Bu ilin sonuna doğru İsraildə seçkilərin keçirilməsi gözlənilir. Baş nazir uzun illərdir ki, özünü İran təhlükəsinə qarşı ən sərt mövqedə dayanan lider kimi təqdim edir. Vaşinqtonda aparılan danışıqlar onun daxili siyasi mövqeyini də gücləndirə bilər.

Analitiklər hesab edirlər ki, Netanyahu Tramp administrasiyasını daha sərt xəttə razı sala bilsə, bunu seçki kampaniyasında əsas arqumentə çevirəcək. Əks halda, məhdud razılaşma İsrail hökumətində yeni müzakirələr və hətta birtərəfli addımlar ehtimalını gündəmə gətirə bilər.

Hazırkı mərhələdə isə əsas sual açıq qalır: ABŞ İranla geniş və sərt şərtləri əhatə edən razılaşmaya gedəcek, yoxsa yalnız nüvə proqramı ilə kifayətlənəcək? Vaşinqton görüşü bu baxımdan yaxın həftələrin ən kritik siyasi hadisələrindən biri sayılır.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05