Vuçiç niyə geri addım atdı? - “Ankara ilə qarşıdurmanın nəticələrini anlayırlar”
“Serbiya Türkiyənin regiondakı artan təsirini nəzərə alır və Ankara ilə qarşıdurmanın mümkün nəticələrini anlayır”
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Türkiyəni hədəf alan bəyanatlarından sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünü şərh edib.
F. F. Tuncer bildirib ki, 2025-ci ilin dekabrında Türkiyənin Kosovadakı albanları silahlandırdığı və Serbiyanın ərazi bütövlüyünü təhdid etdiyi barədə sərt bəyanatlardan sonra Beştepedə keçirilən görüşdə nümayiş etdirilən mövqe açıq şəkildə yumşalma və strateji geri addım kimi qiymətləndirilə bilər.
“Bu mövqe dəyişikliyinin əsas səbəblərini qısa şəkildə belə izah etmək olar. Birincisi, strateji və regional balansdır. Burada Rusiya amili əsas faktordur. Ukrayna–Rusiya müharibəsi Balkanlarda həssaslığı artırıb. Moskvanın bölgədəki əvvəlki təsir imkanlarının zəifləməsi Serbiyanı yeni balans axtarışına sövq edir. Türkiyənin rolu burada mühümdür. Belə ki, NATO üzvü olmaqla yanaşı, Rusiya ilə dialoqu qoruya bilən Türkiyə Serbiya üçün əhəmiyyətli strateji tərəfdaşdır. Vuçiç Ankaranın regionda “kilid aktor” olduğunu qəbul etməyə məcbur qalıb.
İkincisi isə iqtisadi və siyasi reallıqlardır. Təsir və çəkindirməni xüsusi qeyd etmək lazımdır. Serbiya Türkiyənin regiondakı artan təsirini nəzərə alır və Ankara ilə qarşıdurmanın mümkün nəticələrini anlayır. Həmçinin ticarət maraqlarını nəzərə alır. Hazırda 3,5 milyard dollar olan ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq hədəfi, həmçinin Türkiyə şirkətlərinin Serbiyadakı iri infrastruktur layihələri və 300 milyon dollardan çox investisiyası iqtisadi praqmatizmi ön plana çıxarır.
Türkiyənin Kosovaya hərbi dəstəyindən sonra planlaşdırılan diplomatik notadan imtina edilməsi gərginliyi azaltmaq niyyətini göstərir. 26 iyul 2025 və 23 yanvar 2026-cı il tarixlərində keçirilən Balkan Sülh Platforması görüşləri tərəflər arasında dialoqu gücləndirib. Qısacası, Vuçiç regional sabitlik və iqtisadi maraqlar naminə əvvəlki ittihamedici ritorikanı yumşaldaraq əməkdaşlıq mesajları verməyə üstünlük verib və Türkiyə rəhbərliyini yüksək qiymətləndirən ifadələr işlədib”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













