Xalq artisti: “Zəfər yolunda şəhid olan igidlərimizin ruhu qarşısında baş əyirik”

“44 günlük Vətən müharibəsinin Zəfər bayramı xalqımızın şanlı tarixidir. Vaxt gələcək, aradan illər ötəcək, haqqı, ədaləti dəstəkləyənlər həmişə bu Zəfəri bizə bəxş edib tarix yazanlara min kərə alqış deyəcəklər”.Bu sözləri tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Zəfər Günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Aktyor bu günü xalqımıza yaşadan igid qəhrəmanların, şəhidlərin ürəklərdə əbədi qalacaqlarını söyləyib:

“Möhtərəm prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan ordusunun rəşadəti sayəsində erməni vandalizminə son qoyduq. Qalib ordumuz Ermənistan Silahlı Qüvvələrini döyüş meydanında cəmi 44 gün ərzində diz çökdürdü. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu.

Qanları ilə tarix yazan şəhidlərimizin valideynlərinə minnətdarıq və bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ruhu qarşısında baş əyirik. Onlar göstərdikləri qəhrəmanlıq sayəsində özlərinə əbədi şəhadət yurdunu seçib ölməzlik qazandılar.

Xoşbəxtik ki, 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi günün, böyük Qələbə gününün sevincini yaşayırıq. Zəfər Günü şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu gün xalqımızın Qarabağ münaqişəsinə zəfərlə nida qoyduğu gündür. Həsrətlərin qovuşduğu gündür”

Cəvahir