Xamenei öldü, yoxsa bu bir "informasiya manevri"dir? - AÇIQLAMA
“87 yaşlı rəhbərin səhhəti barədə zaman-zaman yayılan məlumatlar da iddiaları gücləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O, mediada İranın ali dini rəhbəri Əli Xameneinin vəfat etməsi ilə bağlı yayılan xəbərlər barədə fikirlərini səsləndirib. A.Nərimanlı bildirib ki, bu xəbər sürətlə yayılır, lakin nə rəsmi qurumlar tərəfindən təsdiqlənib, nə də etibarlı mənbələrə əsaslanır:
“Şayiələrin yayılmasına səbəb kimi onun iqamətgahı ətrafında təcili tibbi briqadaların görünməsi, ərazinin boşaldılması, yaxınlıqdakı ticarət və təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, həmçinin bölgəyə çoxsaylı təhlükəsizlik əməkdaşlarının cəlb edilməsi göstərilir. Bununla yanaşı, 87 yaşlı rəhbərin səhhəti barədə zaman-zaman yayılan məlumatlar da iddiaları gücləndirir. Ürək-damar sistemi, öd kisəsi və prostatla bağlı problemlər yaşadığı bildirilir; baxmayaraq ki, sağlamlıq durumu barədə rəsmi açıqlamalar məhduddur.
Eyni zamanda, bəzi beynəlxalq nəşrlər Xameneinin postundan sonrakı mərhələyə hazırlıq istiqamətində tapşırıqlar verdiyini irəli sürür. “New York Times”ın iddiasına görə, o, ölkənin mümkün müharibə risklərindən qorunması və daxili narazılıqların nəzarətdə saxlanılması missiyasını Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib. Bu məlumatların dərcindən qısa müddət sonra ölüm xəbərlərinin yayılması müşahidə olunub ki, bu da müxtəlif ehtimalları daha da artırıb.
Digər tərəfdən, ABŞ-nin İrana qarşı hərbi ssenarini nəzərdən keçirməsi fonunda belə xəbərlərin fərqli məqsədlərə xidmət edə biləcəyi ehtimal edilir. Variantlardan biri Vaşinqtonun mümkün müdaxiləsini gecikdirmək və ya qarşısını almaq niyyəti ilə informasiya manevri etməkdir; çünki ABŞ daxilində vahid mövqenin olmaması və region ölkələrinin etirazı səbəbindən qərar prosesi mürəkkəbdir.
Digər ehtimala görə isə dini lider postundan sonrakı mərhələdə ölkədaxili siyasi dinamikanı öncədən qiymətləndirmək, mümkün dəyişiklikləri “canlı şəkildə” müşahidə etmək və buna uyğun strategiya müəyyənləşdirmək istəyində ola bilər”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













