Xamneyi niyə XİLAS OLA BİLMƏDİ? — “Bunkerə 30 aviazərbə endirildi, telefonu İZLƏNİLİRDİ”
“Xamneyinin evində bunker var idi ki, bunkerdən də sağ qurtula bilməzdi.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Keçmiş hərbçi İranın ali dini lideri Seyid Əli Xamneyinin öldürüldüyü gün niyə bunkerində gizlənmədiyi haqqında öz fikirlərini bölüşüb:
“İranın ali dini liderinin öz yaşadığı evdə vurulması gözlənilən idi. Ona görə ki, onun vurulmasına hazırlıq gedirdi. Amerika İranın sayıqlığını danışıqlar prosesində zəiflətdi. Buna görə də İranda bir az arxayınçılıq yarandı. Unutmaq lazım deyil ki, ötən ilin iyulunda sıradan çıxarılan şəxslər arasında İranın ali rütbəli şəxsləri vardı. Bütün bunlara baxmayaraq İranda bəzi məsələlərdə boşluq var. Aylar öncə Tehranın mərkəzində HƏMAS liderinin öldürülməsi İran üçün siqnal olmalı idi amma olmadı. Yəqin ki, müharibə başa çatdıqdan sonra bəzi məsələlərə aydınlıq gətiriləcək. Xamneyinin yaşadığı binanın bunkeri də olub amma həmin evə 30 aviazərbə vurulduğu üçün onun bunkerdən də sağ qurtulmaq şansı yox idi. İkincisi, İsrailin texnologiyaları bu gün dünyada ən öncül texnologiyalardan biridir. İsrail bu hücumdan öncə və hücum zamanı ən yüksək texnologiyasından istifadə edərək Xamneyinin telefonunu izləyib, hərəkət trayektoriyası ilə maraqlanıb. Bəzi hallarda kiber müdaxilələr edilib və s.”
Ekspert hesab edir ki, Xamneyinin öldürülməsi İran və ABŞ arasında müddətsiz gərginliyin təməlini qoymuş oldu:
“İran indi Xamneyinin qisasının alınacağını bildirir amma bu müharibə uzun müddət də davam edə bilməz. Yəqin ki, bu həftə ərzində tərəflər müəyyən yollarla bu məsələyə son qoyacaqlar. Baxmayaraq ki, Tramp əbədi müharibə aparmağa hazır olduğunu bildirib. Vitse-prezident Vens də prezidentin fikirlərini davam etdirərək uzun müddət müharibə aparmağa imkanlarının olduğunu bildirib. Hal-hazırda isə ali dini liderin aradan götürülməsi bir qədər də İranın müvafiq qurumlarının boşluğundan əmələ gəldi. Qarşıdakı həftələrdə nəsə demək olar amma indiki halda kimisə günahlandırmaq doğru olmazdı. İstənilən halda Xamneyinin bu formada qətlə yetirilməsi ABŞ və İran arasında hələ uzun illər gərginliyin yaşanmasına səbəb olacaq. Dünən də Rubio belə bir açıqlama verərək bəyan etdi ki, ali dini liderin öldürülməsində onlar iştirak etməyib. Onlar bu məsələdə öz ölkəsini sığortalamaq, öz hərbi qulluqçularını İranın raketlərindən qorumaq üçün atılmış bir addımdır amma biz bilirik ki, Tramp özü də Xamneyinin öldürülməsində İsraillə birlikdə hərəkət etdiyini açıqlayıb. Düşünürəm ki, müharibə bitəndən sonra da tərəflər arasında çox gərgin münasibətlər hökm sürməyə davam edəcək.”
Nurlan Cəfəri













