“Səhər saatlarından etibarən gözləməyimizə və Rusiya hərbçilərinin vədlərinə baxmayaraq, Volkovdan hələ ki heç bir xəbər yoxdur”.
Bu fikirləri Azərbaycan ekologiya fəallarının Xankəndi-Şuşa yolunda təşkil etdikləri aksiyanın gedişi barədə danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iştirakçılar Azərbaycan ictimaiyyətinin məlum tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyə hazırlaşmırlar:
“Hesab edirəm ki, Azərbaycan QHT-lərinin belə bir aksiya təşkil etmələri çox zəruri idi. Bununla hər kəs bu torpaqların kimə məxsus olduğunu görməli, bilməlidir. Azərbaycanın icazəsi olmadan heç bir kəs onun təbii ehtiyatlarından istifadə edə bilməz.
Bizim də əsas istəyimiz bundan ibarətdir ki, Rusiya sülhməramlı kontingentinin rəhbərliyi, general Volkov əraziyə gəlsin və tələblərimizi ona təqdim edək. Əsas tələbimiz isə Azərbaycanın müvafiq dövlət qurumlarının ərazidə rahat və təhlükəsiz fəaliyyət göstərmələrinə şərait yaradılmasıdır.
Səhər saatlarından etibarən gözləməyimizə və Rusiya hərbçilərinin vədlərinə baxmayaraq, Volkovdan hələ ki heç bir xəbər yoxdur. Biz isə gözləyirik. Ərazidə artıq çəlləklərdə ocaq qalamışıq, elə bu dəqiqələrdə olduğumuz yerə işıq da çəkildi, eşitdiyiniz alqış səsləri buna görə idi. Eyni zamanda, Xankəndi-Şuşa yolundakı yüksək nöqtələrdə Azərbaycan bayraqları quraşdırılıb.
Göründüyü qədər, bu axşam ərazidə qalacağıq. Azərbaycan ictimaiyyətinin məlum tələbləri yerinə yetirilməyənə qədər buranı tərk etməyə hazırlaşmırıq. Sevindirici hal həm də ondan ibarətdir ki, insanlar bizə dəstək olmaq üçün əraziyə gəlməkdə davam edirlər. Çox mühüm və maraqlı bir prosesin içindəyik”.
A.Zeynalov
www.yenicag.az