!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xarici qüvvələr bəzən sabitliyi pozmaq üçün din amilindən istifadə edirlər” – İlahiyyat İnstitutunun rektoru

!Reklam – Yazi

“Dövlət tərəfindən din xadimlərinə maliyyə yardımı göstəriləndə də bu məsələə sosial şəbəkələrdə xeyli müzakirə olundu”.

Yenicag.az Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla müsahibəni təqdim edir.

– Ceyhun müəllim, təhsilinizi Suriya və Liviyada almısınız. Hazırda həmin ölkələr hərb meydanına çevrilib. Təhsil aldığınız ölkələrin bu duruma düşməsi Sizdə hansı təəssüratlar yaradır?

– Bildiyiniz kimi, yeddi il xarici ölkələrdə təhsil almışam; bura həm Suriyanın, həm də Liviyanın tədris müəssisələri daxildir. Televiziya ekranından bu ölkələrlə bağlı xoşagəlməz kadrları izlədikcə, əlbəttə, xatirələr yada düşür. İllərlə yaşadığın, gəzdiyin, olduğun yerlərin dağılıb bərbad vəziyyətə düşdüyünü görmək insana çox pis təsir edir. Suriyadan olan tələbə yoldaşlarımızla hərdən danışır, bu barədə fikir mübadiləsi aparırıq. Həqiqətən, üzücü durumdur; insanlar əziyyət çəkir, doğma yurd yerlərindən qaçqın-köçkünə çevrilirlər.
Suriyada yaşayıb, bu ölkənin ictimai-siyasi, sosial durumuna bələd olan şəxs kimi qeyd edim ki, ümumiyyətlə, ərəb dili, İslam elmləri sözügedən bölgədə xeyli inkişaf etmişdir. Suriya xalqı, hökuməti biz tələbələrə çox mehriban münasibət göstərir, isti yanaşırdı. İnşallah, düşünürəm ki, müharibə qurtarar və ölkə yenidən öz axarına qayıdar; haqqında kədərlə söhbət açdığımız vəziyyət yenidən əvvəlki məcrasına düşər.

– Siz bu vəzifəyə təyin olunana qədər müxtəlif qurumlarda, o cümlədən Prezident Administrasiyasında çalışmısınız. Rektor təyin olunanda hansı hissləri keçirdiniz?

– Tələbəlik illərindən özümü həmişə təhsildə, müəllim kimi görürdüm. Azərbaycana qayıtdıqdan sonra, bir müddət “İrşad” İslam Araşdırmaları Mərkəzində çalışdım. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və Rafiq müəllim (Rafiq Əliyev nəzərdə tutulur – red.) məni həmin quruma işə dəvət etdi. Əmək fəaliyyətimlə yanaşı, həm də təhsilimi davam etdirirdim – “Xəzər” Universitetində magistratura səviyyəsi üzrə oxuyurdum. Az sonra Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda elmi iş müdafiə etdim. Dövri olaraq ara-sıra mətbuatda elmi məqalələrim çap olunurdu.

2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrıldıqdan sonra, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işlədim. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrılanda daha çox elmi fəaliyyətlə məşğul olacağımı düşünürdüm. Necə deyərlər, niyyətin haradırsa, məqsədin də oradır. Bu istəklə də Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyətimi davam etdirdim.

Akademiyada çalışdığım müddətdə institutun direktoru Gövhər xanım (akademik Gövhər Baxşəliyeva nəzərdə tutulur – red.) mənə tövsiyə etdi: “Sən uzun müddət dövlət işində çalışmısan və bu səbəbdən, həmin sahədə fəaliyyətini davam etdirməyin daha uğurlu olar. Sənin yenidən dövlət qulluğuna qayıtmağın üçün çalışacağam…”.

Günlərin birində Gövhər xanım mənə dedi ki, Kamal (Kamal Abdulla nəzərdə tutulur – red.) müəllimlə danışmışam, o səninlə Bakı Slavyan Universitetində görüşəcək. Həmin dövrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yenicə yaradılmışdı, Kamal müəllim həmin şöbənin müdiri idi. Kamal müəllim, həm də Bakı Slavyan Universitetində laboratoriyaya rəhbərlik edirdi. Şənbə günü vədələşdiyimiz vaxtda Kamal müəllimlə orada görüşüb söhbət etdik. İki gün sonra Prezident Administrasiyasından zəng olundu ki, Kamal müəllim səni çağırır və beləliklə, yenidən dövlət qulluğunda fəaliyyətimi davam etdirdim.

Üç ildən artıq müddətdə Kamal müəllimlə bir yerdə fəaliyyət göstərdik. Kamal müəllim həmin dövrdə Azərbaycan Dillər Universitetinə rektor təyin olunduqdan sonra, bu ali təhsil ocağında dərs deməyi mənə təklif etdi. Müəllimlik çoxdankı arzum idi, ona görə də böyük məmnuniyyətlə təklifi qəbul edib, orada dərs deməyə başladım.

İş elə gətirdi ki, tədbirlərin birində Mübariz müəllimlə görüşdüm (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərdə tutulur – red.). Bu həmin vaxt idi ki, cənab Prezident İlahiyyat İnstitutunun yaradılması haqqında artıq Sərəncam imzalamışdı.

Mübariz müəllim məndən tərcümeyi-halımı istədi. Bir müddət sonra isə mənim həmin təhsil müəssisəsinə rəhbər təyin olunmağım barədə namizədliyimi irəli sürmək niyyətində olduğunu dedi. Söhbət əsnasında bu təklifə necə yanaşdığımı və münasibət bildirməyimi öyrənmək istədi. Müəyyən fikir mübadiləsindən sonra, bir müddət keçmiş mənə məlumat verdi ki, rektorluq üçün sənədlər Prezident Administrasiyasına göndərilib və namizədlər arasında mənin də adım var.

Müəyyən müddət sonra rəhbərlik məni qəbul etdi və cənab Prezidentin Sərəncamı ilə rektor təyin olundum. Bir daha bildirmək istəyirəm ki, həmişə təhsil sahəsində fəaliyyət göstərməyə can atmışam, tələbələrlə ünsiyyətdə olmağa səy göstərmişəm…
İş elə gətirdi ki, cənab Prezident böyük etimad göstərib məni rektor təyin etdi.

– İlahiyyat İnstitutunun rektoru olaraq, bu gün Azərbaycanda dini vəziyyəti necə qiymətləndirirsiniz?

– Azərbaycanda bu gün dini durum əvvəlki dövrlərlə müqayisədə tam fərqlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi davamlı olaraq müxtəlif maarifləndirmə tədbirləri keçirir. Bir çox müsəlman ölkəsində çox ciddi proseslərin getdiyinin şahidiyik. Hazırda müsəlman ölkələrində sabitliyi pozmaq üçün zaman-zaman din amilindən məharətlə istifadə edilir. Müxtəlif dini qruplar arasında münaqişə yaradılır. Bu nöqteyi-nəzərdən Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsi üçün xeyli iş görülmüşdür; məsələn: Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı ki, bu qurum Azərbaycanda icmalara, din xadimlərinə dəstək verir. Nəhayət, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizin bu sahəyə çox böyük töhfəsi olacaq.

1993-cü illəri araşdırdıqda, xüsusilə 90-cı illərin əvvəllərində Azərbaycanda çox ciddi problemlər var idi. Radikal islam, qeyri-islam təriqətləri çalışırdılar ki, Azərbaycanda əhalini öz tərəflərinə çəksinlər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, Azərbaycanda din sahəsində xeyli iş görüldü. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonrakı dövrlərdən bu günədək cənab Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycanda sabitliyin əsasını dövlətin din sahəsinə göstərdiyi qayğı təşkil edir.

Bildiyiniz kimi, dövlət tərəfindən məscidlər, kilsələr, sinaqoqlar təmir edilir. Azərbaycan yeganə və az sayda müsəlman ölkələrindəndir ki, dövlət bilavasitə dinə qayğı göstərir, dini icmaları və din xadimlərini maliyyələşdirir. Təbii ki, bu səpkidə işlər ölkədə sabitliyin qorunmasına öz ciddi təsirini göstərir.

– Mənəvi Dəyərlərin Təbliği Fondu bəzi dini icmalara avtomobil verib. Bu layihə, nədənsə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olundu. Sizin bu məsələyə münasibətiniz maraqlı olardı…

– Din strateji sahədir; nəinki avtomobil verəndə, xatırlayırsınızsa, din xadimlərinə dövlət tərəfindən maliyyə yardımı göstəriləndə də sosial şəbəkələrdə bu məsələ xeyli müzakirə olundu. Burada əsas məsələ odur ki, din son dərəcə həssas strateji sahədir və eyni zamanda, biz burada öz dini təhlükəsizliyimizi təmin etməyə çalışmalıyıq. Dövlət bütün sahələrə diqqət göstərir, o cümlədən din xadimlərinə qayğı göstərməsi, onlara dəstək durması olduqca əhəmiyyətlidir. Prezident Administrasiyasında çalışdığım zamanlarda Polşadan qonaqlar gəlmişdilər. Biz onlarla ünsiyyətdə olduq. Polşada dövlət bütün dini icmalara, din xadimlərinə dövlət büdcəsindən maaş verir. Türkiyədə Dəyanət İşləri Başkanlığı din xadimlərinə əməkhaqqı verir. Bu baxımdan, dövlətin din adamlarına qayğı göstərməsi vacibdir. Dövlət bununla həm də öz təhlükəsizliyini qoruyur. Xarici qüvvələr bəzən hansısa ölkədə sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə etməyə çalışırlar. Müxtəlif ölkələrdə din xadimlərinin maliyyələşdirilməsi və onlara xarici dəstəyin verilməsi zaman-zaman müşahidə olunub. Dövlət bu dəstəyi bilavasitə özü verməsə, həmin ehtiyaclar başqa yerlərdən təmin oluna bilər.

Azərbaycan cəmiyyətində bəzi insanlar dinə həssas yanaşmırlar. Bu da haqlı olaraq təəssüf doğurur. Sözügedən məsələ strateji əhəmiyyət daşıdığından, son dərəcə ehtiyatlı olmalıyıq. Dünya təcrübəsi sübut edir ki, hər hansı bir qığılcımdan böyük problemlər yarana bilir; məsələn: dinlə bağlı hər hansı karikatura, hər hansı söz və s.

Bir məsələni də xüsusi vurğulayım ki, dini qadağan etmək mümkün deyil. Sovet hökuməti uzun müddət bunu etməyə çalışdı və günümüzdə belə, onun fəsadlarını hələ də yaşayırıq. Əsas istiqamət maarifləndirmə, təbliğat işi yönündə olmalıdır.

– İnstitutda neçə nəfər təhsil alır?

– Hazırda institutda 103 tələbə təhsil alır. Bu il təhsil müəssisəsinə 65 tələbə qəbul olunub. Eyni zamanda, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən müəyyən sayda tələbələr gəlib. İnstitutda iki ixtisas var – Dinşünaslıq və İslamşünaslıq. Dinşünaslıq ixtisasına 25, İslamşünaslığa isə 35 yer ayrılıb. Builki qəbulda yerlərin tam dolması da məmnunluq yaratdı.

– Tələbələrlə münasibətinizi necə qurursunuz? Yəni şablon rektor-tələbə münasibət, yaxud bir qədər yaxın?

– Bir məsələni xüsusi vurğulamaq istərdim. İnstitutda sistemi elə qurmuşuq ki, bütün rəhbər heyət dərs deyir; məsələn: bilavasitə tələbələrlə ünsiyyətdə olur, multikulturalizm fənnini tədris edirəm. Eyni zamanda, iki prorektorumuz dərs deyir. Tələbələrə öz övladlarımız kimi yanaşırıq. Qapım onların üzünə həmişə açıqdır. Gün ərzində bir neçə dəfə auditoriyaları gəzir, tələbələrlə ünsiyyətdə oluram. Bizim elə tələbələrimiz var ki, onlar qayğıya daha çox ehtiyac duyur. Biz onları daim nəzarətdə saxlamağa çalışırıq. İnstitutda elə mühit formalaşıb ki, tələbələr arzu etdikləri vaxt rəhbərliyə, rektorun özünə bilavasitə müraciət edə bilsinlər. İdarəçiliyi düzgün qurmaq, təhsilə töhfə vermək üçün tələbələrlə daim ünsiyyətdə olmağı, onların dərdlərini dinləyib kömək etməyi başlıca meyar kimi formalaşdırmışıq.

– İlahiyyat İnstitutuna keçid balını Dövlət İmtahan Mərkəzi 150 bala endirdi. Bunun abituriyentlərin və valideynlərin istəyi ilə həyata keçirildiyi bildirildi. Sizcə, bu keçid balı normal mütəxəssislərin hazırlanması üçün aşağı deyil?

– Bizə bu sualı tez-tez verirlər. Bir məsələni unutmayaq ki, Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılıb. İnstitutun tam formalaşması, əhali tərəfindən qəbul olunması üçün zamana ehtiyacımız var. Təsəvvür edin, Sərəncam fevral ayında imzalandı, mən 31 mayda rektor təyin olunum. Qısa zaman kəsiyində qarşımızda bir çox işlərin görülməsi dururdu, hətta ehtimal var idi ki, kifayət qədər tələbə yığa bilməyək. İlk gündən bütün gücümüzü səfərbər edib tələbə toplamağa çalışdıq. Doğrudur, 150 aşağı baldır. Bizim tələbələrin böyük əksəriyyəti 250-300, hətta 350 bal toplayıb. İnstitutumuza bu il qəbul olunan tələbələrin orta balı 177 civarındadır. Sizə mühüm bir amili də demək istəyirəm ki, tələbələrin dərsə münasibəti, təfəkkürü, düşüncəsi bizi qane edir; əsas odur, onların marağı, həvəsi var. Bu gün biz tələbələrlə işimizi maksimum səmərəli qurmağa çalışırıq.

Daha vacib bir məsələni nəzərə çatdırım; İslamşünaslıq fakültəsi üzrə bizdə 35 yer nəzərdə tutulub, 35 yerə 100 abituriyent müraciət etmişdi. Biz həmin 35 nəfəri seçib instituta daxil olması üçün aidiyyəti prosedurları həyata keçirdik.

Bu gün birinci kurs tələbələri bizdə nikbin fikir yaradır. İşimizi düzgün qursaq, bu tələbələrin Azərbaycan dinşünaslığına, islamşünaslığa lazımi töhfə verəcəyini düşünürəm.

– İnstitutda təhsil alan tələbələrin daha yüksək biliyə yiyələnmələri üçün hansı işlər görülür?

– Biz təhsil prosesini iki hissəyə bölmüşük ki, birincisi tədris prosesidir. Bundan başqa, institutda əlavə kurslar yaratmışıq. Bu kurslar tamamilə ödənişsizdir. Kurslarda ərəb və ingilis dilləri öyrədilir. Yaxınlarda rus dili kursunun açılacağını planlaşdırırıq.
Azərbaycan İlahiyyat İnstitutunda davamlı olaraq müxtəlif seminarlar, görüşlər, tədbirlər keçirilir. Seminarlar müxtəlif elmi mövzularda olur. Görüşlərdə Azərbaycan yazıçıları, ziyalılar tələbələrlə səmimi ünsiyyət qurur, qarşılıqlı fikir mübadiləsi aparılır.

Önəmli olan cəhətlərdən biri də budur ki, Azərbaycanda fəaliyyət göstərən səfirlərlə tələbələri görüşdürürük. Tələbələrin hazırlanması üçün vacib olan bütün işləri həyata keçiririk. Eyni zamanda, tələbələrin milli-mənəvi dəyərlərə sadiq, sağlam ruhda böyümələri üçün lazımlı tədbirləri görürük. Qarşıdakı ayda tələbələri Cocuq Mərcanlı kəndinə aparmağı planlaşdırırıq. Bundan başqa, tələbələrimizi Azərbaycanın dini abidələri çox olan rayonlara, Bakıda fəaliyyət göstərən muzeylərə, sərgilərə aparmağı da nəzərdə tutmuşuq.
Tədbirlər planımıza müsabiqələrin, bilik yarışlarının keçirilməsi də daxildir. Hesab edirik ki, tədris prosesi ilə bərabər, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün institut lazım olan bütün məsələləri reallaşdırmalıdır.

İnstitutun elmi jurnalını çap etmək niyyətindəyik. Bu jurnalın ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.

– Tələbələrin yataqxana problemini necə həll etməyi planlaşdırırsınız?

– Hazırda institutda təhsil ödənişsizdir və tələbələrə təqaüd verilir. Bundan əlavə, tələbələrə dərs vəsaiti pulsuz paylanılıb. Onlara yeməyin pulsuz verilməsinə çalışırıq; o cümlədən gələcəkdə geyimin də ödənişsiz paylanmasını planlaşdırırıq.

Tələbələrin yataqxana ilə təmin olunması gündəmdə dayanan məsələlərdən biridir. Hazırda bu istiqamətdə işlər aparılır. Biz, ilk növbədə, maddi vəziyyəti, sosial təminatı qənaətbəxş olmayan tələbələrin yataqxana ilə təmin edilməsi barədə intensiv iş görürük. Hesab edirəm ki, yaxın müddətdə bu işlər öz həllini tapacaq.

İnstitut müvəqqəti olaraq bu binada yerləşir. Gələn ildən başqa binada fəaliyyətimizi davam etdirməyi planlaşdırırq. İnstitut üçün kampusun yaradılması və tələbələrin bütün ehtiyaclarının tam qarşılanması nəzərdə tutulur.

– Tələbələr üçün vahid geyim forması olacaq, yoxsa?..

– Müsəlman və digər ölkələrdə dini təhsilin təcrübəsi var. Adətən, dini təhsil müəssisələrinin bir çoxunda bu sahəyə kompleks yanaşma var – tələbə həm yataqxana, həm də geyimlə təmin olunur. Xaricdə təhsil almaq istəyən tələbələrin bütün ehtiyacı həmin dövlət tərəfindən ödənilir. Əgər həmin ehtiyaclar ödənilməsə, arzuolunan nəticə əldə edilə bilməz. Vahid geyim dedikdə, digər müsəlman ölkələrində olduğu kimi, tələbələrin xüsusi geyim forması nəzərdə tutulur.

Bildiyiniz kimi, bir çox ölkədə din xadimlərinin xüsusi geyimi var. Bu səbəbdən, tələbələrdə bu vərdişin yaranması üçün belə tədbirin həyata keçirilməsi planlaşdırılır.

– Sizin yazıçınız kimdir?

– Ümumiyyətlə, axır vaxtlar bədii ədəbiyyat oxumağa vaxtım az olur. Kamal müəllimin (Kamal Abdulla nəzərdə tutulur – red.) “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” əsərlərini oxumuşam. İmkan yarandıqca, onunla əsərləri barədə müzakirələr də aparmışıq. Vaxt yarandıqda, Cəlil Məmmədquluzadənin və başqa klassiklərimizin əsərlərini təkrar-təkrar oxuyuram. Mirzə Ələkbər Sabirin şeirlərində tənqid elədiyi məsələlərlə, təəssüf ki, müasir dövrdə də rastlaşırıq. Azərbaycan aydınları dini xurafata qarşı yorulmadan mübarizə aparıblar. Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani yaradıcılıqlarında bu məsələlərə kifayət qədər toxunublar. Azərbaycanda o dövrün dini mənzərəsi haqqında təsəvvür yaratmaq üçün onları oxumaq maraqlıdır.

Bu yaxınlarda Azərbaycan yazıçısı Çingiz Abdullayevlə institutda görüş keçirdik. İmkan düşdükcə, onun əsərlərini oxumağa çalışıram. Rus yazıçılarını, məsələn, Lev Tolstoyu oxumaq xüsusi zövq verir. Xarici yazarlardan Erix Maria Remarkın və Herman Hessenin əsərlərini çox bəyənirəm. Birincinin “Zəfər tağı”, ikincinin “Yalquzaq” əsərlərini böyük maraqla oxudum. Sizə bir sirr də açım, bəzən yorulanda bədii ədəbiyyat oxumaqla dincəlirəm…

– Hazırda Azərbaycan televiziyalarında müxtəlif seriallar nümayiş etdirilir. Təəssüfedicidir ki, yerli kanallarda dini maarifləndirmə, dini radikalizmə qarşı seriallar yoxdur. Bununla bağlı rəhbərlik etdiyiniz institut hər hansı iş aparmağı planlaşdırırmı?

– Bu gün dünyada dini radikalizmə qarşı bir neçə metoddan istifadə olunur ki, onlardan biri inzibati üsuldur. Dövlət qurumları lazım bildiyi zaman inzibati tədbirlər həyata keçirir. İnzibati tədbirlərlə yanaşı, ən səmərəli üsullardan biri maarifləndirmədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə bir neçə film çəkib ki, bunlardan “Fitnə”, “Şəhadət” və digərlərini nümunə göstərmək olar. Bu filmlər gənclərin tərbiyəsinə öz töhfəsini verir. Həmin filmlərin bəzilərinin təqdimat mərasimində iştirak etmişəm. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə işləyir. Biz ali təhsil ocağı olaraq gələcəkdə, təbii ki, müəyyən sənədli filmlərin çəkilişini, kitabların hazırlanmasını, o cümlədən müxtəlif mövzularda beynəlxalq konfrans keçirməyi planlaşdırırıq.
(sim-sim.az)

COP29

www.yenicag.az

3323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv