!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici sürücülük vəsiqəsi istifadə edənlərin DİQQƏTİNƏ: Bu halda inzibati məsuliyyətə cəlb oluna bilərsiniz

!Reklam – Yazi

“Vətəndaş xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, bu halda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir”.

Yenicag.az xəbər verir ki, bunu xarici sürücülük vəsiqələrindən istifadə edənlərlə bağlı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, xarici sürücülük vəsiqələri ASAN xidmətlərdə heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilməlidir:

“Konstitusiya Məhkəməsi xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı mübahisəli bir məsələyə aydınlıq gətirdi. “Yol Hərəkəti Haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, bu halda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir.

Qanunun bu tələbini pozan, yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən şəxsin avtomobil idarə edərkən sürücülük hüququnun sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan, yəni sürücülük hüququ olmayan şəxs hesab edilir. Onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Məlumat üçün deyim ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri ASAN xidmətlərdə heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə burada qalma müddətindən asılı olmayaraq, vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər”.

Gülşən Şərif

www.yenicag.az

1744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv