Xəstəxanada ölən uşağın anası: ''Narkozu çox verdilər, ürəyi partladı" - VİDEO
“Narkozu çox verdilər, ürəyini partlatdılar uşağın”.
Bunu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirən uşağın valideynləri deyib.
Onların iddiasına görə, əməliyyat öncəsi uşağa iynə vurulub. Bundan sonra azyaşlı şoka düşüb və ayılmayıb.
Məlumata görə, Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə yaxınları tərəfindən xəstəxanaya aparılıb. Uşağın əməliyyat olunmalı olduğu bildirilib. Valideyləri də bununla razılaşıb. Amma iddiaya görə, azyaşlı şoka düşüb və həyatını itirib.
Azyaşlının ölümü ilə bağlı TƏBİB-dən bildirdilər ki, daha öncə 13 və 18 iyul tarixlərində sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahın müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib. 21 iyul tarixində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların ineksiyası zamanı anaflaktik şok keçirib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq azyaşlının ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: