Xəzər rayonunda “işıq kəsmə” skandalı böyüyür
Şakir Abbasovdan Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsininə qarşı sərt ittihamlar.
Xəzər rayonunda ciddi işıq problem yaranıb. Belə ki, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları Mərdəkan, Şüvəlan və digər kəndə və qəsəbələrdə əhaliyə zülm edirlər. Bu barədə Milli Azadlıq Hərəkatının ilk fəallarından biri, AXCP sədrinin müşaviri Şakir Abbasov açıqlama verib.
Onun sözlərinə görə, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları ərazidə qoçuluq edirlər: “Bu gün həmin idarənin əməkdaşları əhaliyə divan tutur. İstədikləri kimi gəlib camaatın işıqlarını kəsirlər. Altlarında 50-60 min manatlıq bahalı maşınlarla evlərə hücum çəkir, insanları hədələyir, istədiklərini edirlər”.
Şakir Abbasov qeyd edir ki, “Prezident həmişə şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən danışır. Lakin bu məmurlar yenə də öz bildiklərini edirlər. Mən Milli Azadlıq Hərəkatının ilk günündən meydanlarda olan, AXC hakimiyyəti dövründə icra başçısı işləmiş adamam. Ailəmi dolandırmaq üçün xırda bir dükana bənzər bir yerim var. Amma mənim bu gün imkanım ancaq avtobusla gediş-gəlişə ancaq çatdığı halda, bunlar mantyor maaşı ilə o bahalı maşınları necə alıblar? Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin müdürünün maaşı nə qədərdir ki, yüz minə yaxın qiyməti olan maşın sürür? Həm də bunlara kim səlahiyyət verib ki, heç kimi, heç rayonun icra başçısı Gülağa İslamovu belə tanımırlar”.
Abbasovun sözlərinə görə, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları məcburi köçkün, əlil, imkansız, şəhid ailəsi demədən hər kəsə qarşı sərt tədbirlər həyata keçirirlər: “İnsanları o həddə çatdırırlar ki, xalq faizə pul götürərək, işıq pulu ödəyirlər. Xalqa bu qədər zülm etmək olmaz. Baxın, bəyənmədiyimiz Türkmənistanda, Qazaxıstanda xalq komunal xərclərdən azaddır. Biz isə harınlamış məmur tayfası ilə üz-üzə qalmışıq”.
Qeyd edək ki, bir neçə gün öncə Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları Şakir Abbasovun evinə hücum etmişdilər.