Xoşqədəmlə Zaurun verilişi Avropa Oyunları zamanı bağlansın yoxsa birdəfəlik?
Azər Həsrət: “Təkcə Avropa Oyunları ərəfəsində deyil, ümumiyyətlə teleekranlarda Zaur Baxşəliyev, Xoşqədəm Baxşəliyeva və digərlərinin təqdimatında nümayiş etdirilən aşağı səviyyəli verilişlər efirdən yığışdırılsa yaxşı olar”
Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyeva təklif edib ki, I Avropa Oyunları ərəfəsində ATV və ANS telekanallarında Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan verilişlər dayandırılsın.
O qeyd edib ki, bu ərəfədə bu cür verilişlərin yayımı müxtəlif qurumlar tərəfindən müxtəlif cür qarşılanır.
Məsələyə münasibət bildirən tanınmış jurnalist Azər Həsrət isə Yenicag.az-a açıqlamasında daha da irəli gedərək, sözügedən verilişlərin ümumiyyətlə birdəfəlik bağlanılmasını istədi: “Təkcə Avropa Oyunları ərəfəsində deyil, ümumiyyətlə teleekranlarda Zaur Baxşəliyev, Xoşqədəm Baxşəliyeva və digərlərinin təqdimatında nümayiş etdirilən bu kimi aşağı səviyyəli verilişlər efirdən yığışdırılsa yaxşı olar. İnsan həyatının gizlinlərinin çıxarılıb efirdə o cür açıq-saçıq müzakirə olunması, bundan şou düzəldilməsi, ona aktyorluq qatılması, bütün bunlar çox iyrənc görünür. O baxımdan düşünürəm ki, o tip verilişlərin ümumiyyətlə efirdən yığışdırılması məqsədəuyğun olardı. Bu tip verilişlər tamaşaçı zövqünü kortlayır. Onlar sabun operası kimi bir şeylərdir. Azərbaycan müsəlman cəmiyyətidir. Ondan başqa, ölkəmizdə əxlaq kateqoriyaları Qərbdən fərqlidir, böyük, kiçik var”.
ELÇİN