“Rusiya Ukraynaya müharibə elan etsə, davamlı səfərbərliyin həyata keçirilməsi üçün əlində əsas olacaq”.
Bu fikirləri Rusiyada son zamanlar “xüsusi hərbi əməliyyatı müharibəyə çevirmək lazımdır” tipli çağırışları şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Rusiya Ukraynaya hərbi təcavüzü “xüsusi hərbi əməliyyat” adlandırsa da, iki ölkə arasında faktik müharibə gedir:
“İki ildən artıqdır ki, müharibə gedir, ancaq əvvəldən bunun adını “xüsusi hərbi əməliyyat” qoyublar. Ukraynaya silahla yardım edən ABŞ və Qərb bu savaşın birbaşa iştirakçılarıdır.
Rusiya gizlədə bilməz ki, müharibə aparmır. Çünki necə adlandırılmasından asılı olmayaraq, müharibə gedir. “Xüsusi hərbi əməliyyat” iki il davam edə bilməz. Kremilin sözcüsü Peskov da son çıxışında “xüsusi hərbi əməliyyat” ifadəsini işlətmədi, o da müharibə getdiyini dilə gətirdi.
Rəsmən müharibə elan edilsə, səfərbərlik elan olunacaq və əlavə qüvvələr toplayacaqlar. “Xüsusi hərbi əməliyyat”la müharibə arasında fərq odur ki, müharibə elan edilsə, ümumi səfərbərlik həyata keçirmək üçün əsas yaranacaq. Ruslar yaşayış mənətəqələrini, xəstəxanaları, məktəbləri, uçaq bağçalarını vurur. Ukrayna da buna eynilə qarşılıq verir”.
Səxavət Məmməd
www.yenicag.az