“Yanacağın qiymət dəyişikliyindən sui-istifadə edilməməsi üçün…” – Yusif Bağırzadə

“Qiymət dəyişikliyinin digər sahələrə təsirinin minimallaşdırılması məqsədilə müvafiq tədbirlər görüləcək”.

Bu sözləri Tarif Şurasının qərarı əsasında benzin və dizelin qiymətindəki dəyişikliyin mümkün təsirlərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Azərbaycanda yanacağın qiymətinə dəyişikliyin ediləcəyi gözlənilən idi:

“Son illər Azərbaycana avtomobil idxalının artması benzinə və dizelə tələbatı yüksəldib. Statistikaya əsasən, ölkəyə 2018-ci ildə 28 min 876, 2019-cu ildə 47 min 710, 2020-ci ilin 11 ayında isə 47 min 841 avtomobil idxal edilib. İdxalın artması ilə paralel olaraq, benzinə və dizelə tələbat da çoxalıb.

Onu da qeyd edək ki, tarif dəyişikliyindən sonra belə Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Yanacağın qiymətlərindəki artım təkcə Azərbaycanda baş vermir. Bu tendensiya bütün dünyada mövcuddur”.

Yusif Bağırzadə bildirib ki, bu qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır:

“Belə ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yönəldiləcək. O cümlədən, tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf ediləcəyini proqnozlaşdırmaq olar.

İndi qarşıda duran əsas vəzifə yanacağın qiymətindəki artımın digər sahələrdə bahalaşmaya təsir göstərməməsi üçün müvafiq addımların atılmasından ibarət olmalıdır. Bununla bağlı konkret addımlar atılacaq.

Məsələn, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənilməsi nəzərdə tutulub. Bu, əhalinin, xüsusilə, sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyinə gedilməməsi üçün atılan mühüm addımdır.

Həmçinin, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılması nəzərdə tutulub. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri mütləq həyata keçiriləcək”.

Gülşən Şərif