Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VI qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi elan olunub.
Yenicag.az xəbər verir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin rəsmən irəli sürülməsi ilə aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə yönəlik əsas suallardan birinə cavab tapıldı.
2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq çərçivəsində siyasi düşərgələrdə müzakirə olunan əsas mövzu hakimiyyətin “prezident marafonu”na kimin namizədliyi ilə qatılacağı məsələsi idi.
Ötən ilin sonlarına doğru xüsusilə intensivləşən bu müzakirələrdə istər prezident İlham Əliyevin, istərsə də 1-ci vitse-prezident Mehriban Əliyevanın hakimiyyətin namizədi olacağına dair ciddi arqumentlərə söykənən versiyalar səsləndirilirdi.
YAP rəsmilərinin partiyanın mümkün namizədi haqqında suallara verdikləri “Bu barədə qərar qurultayda qəbul ediləcək” məzmunlu cavabları isə yaranmış qeyri-müəyyənliyi daha da artırırdı.
Bununla belə, dekabrın son həftələrində hakim komandanın prezident seçkilərinə İlham Əliyevin namizədliyi ilə gedəcəyini təsdiqləyən informasiya axını gücləndi. Bu da öz növbəsində ictimai rəydə İlham Əliyevin namizədliyinin “həll olunmuş məsələ” olaraq, qəbul edilməsinə mühüm təsir göstərdi.
Maraqlıdır ki, iqtidardaxili prosesləri diqqətlə izləyən və öz seçki hazırlıqlarını hakimiyyət namizədinin kimliyi üzərində qurmağa çalışan müxalifət təmsilçiləri də məhz bundan sonra “yeni namizəd” gözləntilərindən əl çəkməli oldular.
YAP-ın bu gün keçirilən VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin rəsmən irəli sürülməsi isə ən əsas suala aydınlıq gətirdi.
Əslində, hakimiyyət namizədinin müəyyənləşməsi müxalifət partiyalarının prezident seçkilərində iştirak qərarına da böyük mənada təsir göstərəcək.
Çünki əks düşərgədə artıq bir neçə siyasətçi öz iddiasını bəyan etsə də, onların növbədənkənar seçkilərin təyin olunmasından sonra verdikləri açıqlamalar həmin potensial namizədlərin tərəddüd içində olduqlarını söyləməyə əsas verir.
Maraqlıdır ki, mənsub olduqları partiyaların qurultaylarında prezidentliyə namizədlikləri haqqında qərar verilən müxalif siyasətçilər indi seçkidə iştiraklarını təşkilatlarının və tərəfdarlarının iradəsinə bağlamaqdadırlar.
Təbii, bu tərəddüd səbəbsiz deyil. Son illərdə müxalifətin zəifləməsi, elektoral bazasının kiçilməsi və proseslərə təsir imkanlarını tam olaraq itirməsi əks düşərgə mənsublarını seçkidə iştirakdan çəkindirir.
Real baxsaq, seçkiyə qatılmaq niyyətində olan müxalifət partiyalarının ayrı-ayrılıqda tələb olunan sayda imza toplayaraq, minimum səviyyədə belə kampaniya aparmaq imkanları çox məhduddur. Prezident seçkilərinin gözlənildiyi kimi oktyabra deyil, aprelə təyin olunması müxalifəti tam seytnot vəziyyətinə salıb. Yəni nə imkan var, nə də vaxt. O baxımdan, müxalifətin seçki tərəddüdləri, hətta radikal cinahdan verilən “boykot” çağırışları anlaşılandır.
Ancaq bu qeyri-müəyyənliyin çox davam etməsi də mümkün deyil, çünki bir neçə gündən sonra seçkilərə rəsmən start veriləcək və qanunvericiliyə uyğun qaydada zəruri prosedurların icrasına başlanılacaq. Bunu dərk edən müxalifət təmsilçiləri də son qərarı vermək üçün vaxtlarının çox olmadığının fərqindədirlər.
Məlumata görə, əks düşərgə mənsubları gələn həftə bir araya gələrək, növbədənkənar prezident seçkilərində iştirak məsələsini müzakirə edəcəklər.
Bu barədə Yenicag.az-a məlumat verən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin sözlərinə əsasən, artıq 10-a yaxın partiyanın iştirakı ilə ilkin məsləhətləşmələr keçirilib:
“Belə qərara gəldik ki, müzakirələrə qatılan partiyaların ali orqanları seçkilərlə bağlı qərar qəbul etsinlər və bundan sonra yenidən toplanaraq, yekun mövqeyimizi müəyyənləşdirək. Yəqin ki, gələn həftə bir araya gələcəyik”.
A. Zeynalov
www.yenicag.az