Yardımlıda 3 yeni məktəb istifadəyə verilib
Yeni dərs ilində Yardımlı rayonunda üç yeni məktəb binası-80 şagird yerlik Zenqaran, Solğard və Fındıqlı-Qışlaq kənd ibtidai məktəbləri üçün inşa edilmiş təhsil ocaqları müəllim və şagirdlərin ixtiyarına verilib.
Hər biri 13 otaqdan ibarət yeni məktəblərdə, həmçinin müasir idman zalı inşa olunub, istilik sistemi quraşdırılıb.
Yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təhsil ocaqlarında keçirilən mərasimlərdə çıxış edənlər pedaqoji kollektivləri və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, son beş ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Yardımlı rayonunda 20 yeni məktəb binası tikilib.
Mərasimlərin iştirakçıları ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. (azertag.az)