Vaşinqtonun "İran dilemması": Yaxın Şərq alovu Ukrayna cəbhəsini dondura bilərmi?
“ABŞ–İran xəttində mümkün eskalasiya Rusiya–Ukrayna müharibəsinin uzanmasına dolayısı ilə təsir göstərə bilər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Politoloq Amerika və İsrailin İrana qarşı apardığı mübarizənin Rusiya-Ukrayna müharibəsinə təsir imkanlarını şərh edərək qeyd edib:
“Müasir beynəlxalq münasibətlər sistemində paralel böhranların dərinləşməsi böyük güclər arasında diqqət və resurs bölgüsünü yenidən formalaşdırır. ABŞ–İran xəttində mümkün hərbi eskalasiyanın uzanması, təbii olaraq, qlobal siyasi gündəmin prioritetlərini dəyişə və Ukrayna istiqamətində diplomatik fəallığın nisbi azalmasına səbəb ola bilər. Bu isə dolayısı ilə Rusiya–Ukrayna müharibəsinin dinamikasına təsirsiz qalmayacaq.
Bədbin ssenariyə əsasən, ABŞ-İran qarşıdurmasının uzanması Ukraynaya ayrılan diqqət və dəstəyin intensivliyini zəiflədə bilər. Belə bir şəraitdə Rusiya taktiki üstünlük əldə etməyə, cəbhə xəttində təşəbbüsü ələ almağa və işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışa bilər. Rəsmi Moskva üçün əsas hədəf zaman faktorundan istifadə etməklə münaqişəni uzatmaq və Qərbin siyasi iradəsini zəiflətməkdir.
Lakin burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. Birincisi, Ukrayna məsələsi artıq yalnız regional deyil, Avroatlantik təhlükəsizlik arxitekturasının əsas elementi kimi qəbul olunur. Ona görə də ABŞ-nin diqqətinin qismən bölünməsi birbaşa olaraq Ukraynaya dəstəyin tamamilə kəsilməsi demək deyil.”
A. Qurbanova vurğulayıb ki, Yaxın Şərqdəki gərginlik Rusiyanın müharibədə mütləq üstünlük qazanması kimi qiymətləndirilməməlidir:
“Rusiya özü də uzunmüddətli müharibənin iqtisadi və hərbi yükünü daşımaqda çətinliklərlə üzləşir. Paralel olaraq, İranla bağlı kəskin böhranın genişlənməsi Moskva üçün əlavə strateji risklər yarada bilər. ‘Gedişatın razılaşdırılmış olması’ ehtimalı isə daha çox siyasi spekulyasiya xarakteri daşıyır. Böyük güclər arasında müəyyən səviyyədə taktiki koordinasiya və ya qarşılıqlı maraqların toqquşmamasına yönəlmiş səssiz razılaşmalar mümkündür. Lakin açıq və genişmiqyaslı müharibə ssenarilərinin tam nəzarət altında saxlanılması real geosiyasi şəraitdə son dərəcə çətindir.
Nəticə etibarilə, ABŞ–İran xəttində mümkün eskalasiya Rusiya–Ukrayna müharibəsinin uzanmasına dolayısı ilə təsir göstərə bilər, lakin bu, birbaşa Rusiyanın strateji qələbəsi anlamına gəlmir. Qlobal sistem artıq çoxmərkəzli və qarşılıqlı asılılıq səviyyəsi yüksək olan bir mərhələyə keçib. Belə şəraitdə bir regionda baş verən böhran digər cəbhələrdə imkanlar yaratmaqla yanaşı, eyni zamanda yeni risklər və qeyri-müəyyənliklər formalaşdırır.”
Nurlan Cəfəri













