Yeni marşrut xəttləri açılacaq
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərinə sərnişinlərin gediş-gəlişini daha da asanlaşdırmaq üçün yeni marşrut xətləri açılıb. Ötən il ərzində açılan həmin xətlər Cəhri-Naxçıvan-Cəhri, Culfa-Naxçıvan-Culfa, Ərəfsə-Naxçıvan-Ərəfsə, Mahmudoba-Naxçıvan-Mahmudoba marşrutlarıdır.
Yenicag azertac-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində sərnişin daşınmasını yerinə yetirən sürücülərin iştirakı ilə keçirilən seminar-müşavirədə bildirilib.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin ümumi şöbəsinin müdiri Yasin Əliyev qeyd edib ki, muxtar respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın – lisenziyanın verildiyini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir.
“Nəqliyyat-yol kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov qeyd edib ki, 2014-2015-ci ilin payız-qış mövsümünü günün tələbləri səviyyəsində başa vurmaq üçün kompleks tədbirlər həyata keçirilir. Ötən il ərzində Naxçıvan Şəhər Nəqliyyat İdarəsi 10 ədəd “Naz-Lifan” markalı taksi minik avtomobilindən, 9 ədəd “Paz”, 5 ədəd “Liaz”, 37 ədəd “King-Long” və 2 ədəd “Mersedes-Benz Traveqo” markalı avtobuslardan səmərəli istifadə etməklə sərnişindaşıma xidmətinin intensiv və keyfiyyətli formada həyata keçirilməsi üçün bütün gücü ilə çalışıb.