Tarif (qiymət) Şurasının iyulun 30-da təsdiqlədiyi yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Yenicag.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda qeyd olunub.
BNA-dan bildirilib ki, bu səbəbdən də bu sektorda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər təhlükəsiz və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda, bütün müntəzəm marşrut xətləri üzrə daşıyıcılar nağdsız ödəniş sisteminə keçidi də sürətləndirməlidir.
“Vətəndaşa rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşısına prioritet məqsəd qoyan Bakı Nəqliyyat Agentliyi bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da məhz bu məqsədə xidmət edir”, – deyə məlumatda qeyd olunub.
www.yenicag.az