Azalan turist sayı, artan QİYMƏTLƏR: Əcnəbiləri qaçaq salan SƏBƏBLƏR
“Yeni bazarlara yönəlmiş daha fəal tanıtım və rəqabətədavamlı turizm məhsullarının yaradılması bu azalmanın qarşısını almağa kömək edə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

İqtisadçı ötən illə müqayisədə bu il ölkəmizə turist axınının 10 faiz azalmasını bir neçə səbəblə əlaqələndirib:
“Azərbaycana turist axınının azalmasının bir neçə əsas səbəbi var. Regionda baş verən geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə və Cənubi Asiyada baş verən hadisələr insanların səyahət planlarına mənfi təsir göstərib. Bunun nəticəsində bəzi əsas bazarlardan gələn turistlərin sayı azalıb. Digər səbəb turist göndərən ölkələrin strukturunda baş verən dəyişikliklərdir. Məsələn, əvvəlki illərlə müqayisədə Hindistan və Körfəz ölkələrindən gələn turistlərin sayında ciddi azalma müşahidə olunur ki, bu da ümumi göstəriciyə təsir edir.
Bundan əlavə, turizm sektorunda qiymətlərin yüksək olması, otellərin və xidmətlərin rəqabət qabiliyyətinin zəifləməsi, eləcə də beynəlxalq iqtisadi qeyri-müəyyənlik turist axınının azalmasına təsir edən amillər arasında göstərilir. Yeni bazarlara yönəlmiş daha fəal tanıtım və rəqabətədavamlı turizm məhsullarının yaradılması bu azalmanın qarşısını almağa kömək edə bilər”.
Cəvahir













