Yetmiş il gizlədilən soyqırım izləri: Heydər Əliyevin tanıtdığı, İlham Əliyevin dünyaya qəbul etdirdiyi TARİXİ HƏQİQƏT
1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir.
Həmin dövrdə erməni daşnaqları ilə bolşevik komissarların birləşdiyi Bakı Soveti tərəfindən Bakıdan Şamaxıya, Qubadan Qarabağa qədər geniş ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədildi. Tarixi mənbələr göstərir ki, bu hadisələr təsadüfi toqquşma deyil, daşnak silahlı dəstələri ilə bolşevik qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilmiş planlı soyqırım idi. Məqsəd yalnız ərazi nəzarəti deyil, həm də yerli azərbaycanlı əhalini qorxu altında saxlamaq və bölgənin demoqrafik vəziyyətini dəyişmək idi.
Bu faciə uzun illər gizlədildi. Sovet hakimiyyəti dövründə 31 mart hadisələri barədə nəinki açıq danışmaq, onu soyqırımı kimi təqdim etmək mümkün deyildi. Tarix dərsliklərində bu hadisələrdən ya ümumiyyətlə bəhs olunmur, ya da başqa formada təqdim edilirdi. Lakin xalqın yaddaşı bu həqiqətləri unutmadı. Ailə xatirələri, şifahi tarix və yerli rəvayətlər vasitəsilə bu faciə nəsildən-nəslə ötürüldü və milli yaddaşda qorunub saxlanıldı.
Əslində 1918-ci ilin mart hadisələri ilə 1992-ci ildə baş verən Xocalı faciəsi arasında müəyyən oxşarlıqlar da diqqət çəkir. Hər iki halda mülki əhaliyə qarşı silahlı qüvvələrin birgə əməliyyatları nəticəsində kütləvi qırğınlar törədilmişdi. Xocalıda erməni silahlı birləşmələri ilə keçmiş sovet ordusunun 366-cı alayının birlikdə hərəkət etməsi bu faciənin miqyasını daha da artırmışdı. Tarix fərqli dövrlərdə oxşar ssenarilərin təkrarlanmasını göstərən acı nümunələri həm də ona görə təqdim edir ki, unudulan soyqırımların təkrarlandığı insanlar tərəfindən daha yaxşı dərk edilsin..
Onu da qeyd edək ki, müstəqillik əldə edildikdən sonra 31 mart hadisələrinə obyektiv hüquqi və siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı. 1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncamla 31 mart rəsmi şəkildə Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar ilk dəfə olaraq həmin hadisələrin dövlət səviyyəsində soyqırımı kimi tanınması və milli yaddaşın bərpası baxımından dönüş nöqtəsi oldu. Bu sənəddən sonra arxiv materiallarının araşdırılması genişləndi, tarixçilər yeni faktlar və sənədlər ortaya çıxardı, faciənin miqyası daha aydın şəkildə elmi əsaslarla təsdiqləndi.
Sonrakı mərhələdə əsas diqqət bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəldi. Azərbaycan dövləti soyqırımı faktlarının dünya miqyasında tanıdılması üçün sistemli informasiya və diplomatik fəaliyyət həyata keçirməyə başladı. Xüsusilə Quba bölgəsində aşkar edilən kütləvi məzarlıq 1918-ci il hadisələrinin maddi sübutu kimi beynəlxalq diqqəti cəlb etdi və bu faciənin miqyasını dünyaya göstərən mühüm faktlardan birinə çevrildi.
2018-ci il yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam isə bu istiqamətdə aparılan siyasətin davamlı xarakter daşıdığını göstərdi. Bu sənəd çərçivəsində ölkə daxilində və xaricdə geniş tədbirlər keçirildi, yeni tədqiqatlar aparıldı və tarixi faktların beynəlxalq auditoriyaya çatdırılması gücləndirildi.
Bu gün 31 mart soyqırımı mövzusu yalnız tarixi hadisə kimi deyil, dövlətin informasiya və diplomatiya siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Tarixi həqiqətlərin qorunması, saxtalaşdırılmasının qarşısının alınması və gələcək nəsillərə ötürülməsi milli yaddaşın əsas tərkib hissəsinə çevrilib. Tarix bir vaxtlar unudulmağa çalışılsa da, xalqın yaddaşı onu qorudu və bu həqiqətlər bu gün artıq dünya miqyasında daha geniş şəkildə səsləndirilir.
Sonda bir daha bilgə lider Aliya İzzətbeqoviçin sözlərinə qayıdırıq: “Soyqırımı unutmamalıyıq. Unudulan soyqırım mütləq təkrarlanır”. Necə ki, bizə unutdurulan 1918-ci il soyqırımı 74 il sonra Xocalıda eyni qüvvələr tərəfindən təkrarlandı.
Onun üçün yaşadığımız o acıları unutmamalı, unutdurmamalıyıq.
Aqil Ələsgər













