Yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs olundu
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmadan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış “Renault” markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
BŞDYPİ-dən Yenicag.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil verilib.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əzizov 20 sutka inzibati qaydada həbs olunub.