“Rusiyanın müqavimət göstərməyinə baxmayaraq, onun Türkiyənin təklif etdiyi varianta alternativi yoxdur”.
Bu fikirləri Türkiyə və Rusiya prezidentləri Rəzəb Tayyib Ərdoğanla Vladimir Putinin Ukraynadan dünyaya taxıl ixracını nizamlayan sazişin icrası ilə əlaqədar avqustun 2-də baş tutan telefon müzakirəsinin mümkün nəticələrini dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentlərin danışığının müsbət yekunlaşması haqda məlumat olmasa da, dialoqun davam etdirilməsi müsbət haldır:
“Prezidentlərin telefon danışığından sonra yayılan ilkin informasiyalarda Putinin Türkiyəyə səfəri və taxıl dəhlizi ilə bağlı müzakirələrin aparıldığı bildirilib. Qeyd olunur ki, Putinin Türkiyəyə səfər edəcəyi dəqiqləşib və tarix də müəyyən ediləcək.
Digər məsələyə gəldikdə isə taxıl dəhlizinin bağlanması bu problemin dünya miqyasında yenidən aktuallaşmasına səbəb olub. Ancaq burada obyektiv mövqe tutmaq lazımdır. Bəli, Ukraynaya hərbi təcavüz edən və savaşa son qoymağa hazırlaşmayan Rusiya bu məsələdə tamamilə haqsızdır və əsaslı tənqid olunur.
Lakin taxıl dəhlizi anlaşmasının dayandırılmasına görə Rusiyanı qınamaq doğru olmazdı. Çünki həmin anlaşmaya əsasən, taxılla yanaşı, bu ölkənin istehsalı olan gübrə və başqa məhsulların da satışına şərait yaradılmalıdır. O bəndə əvvəllər əməl olunsa da, son dövrlərdə buna imkan verilmirdi. Nəticədə Rusiya taxıl ixracını yenidən blokladı.
Bildiyiniz kimi, Ərdoğan Putinlə söhbətlərində onu bu və ya başqa məsələlərə yönəlik dəfələrlə inandıra bilib. Son danışıqlarda da belə olub-olmadığını söyləmək çətindir. Bütün hallarda dialoqun davam etdirilməsi müsbət haldır. Dünyanın bir çox ölkələrində taxıla kəskin ehtiyac var və humanitar fəlakət yaşana bilər. Yəqin ki, bu problemin də bir çözümü olacaq. Hər halda, Rusiyanın müqavimət göstərməyinə baxmayaraq, onun Türkiyənin təklif etdiyi varianta alternativi yoxdur”.
A.Zeynalov
www.yenicag.az