“Vətən müharibəsində qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabın təqdimat mərasimində deyib.
O bildirib ki, ermənilər bələdiyyələri beynəlxalq tanınma alətinə, xalqın demokratik idarəetmə hadisəsinə çevirməklə ondan diplomatik silah kimi istifadə edirdilər.
““Qardaşlaşmış şəhər” bələdiyyələri siyasəti ilə xaricdə özlərinə partnyorlar qazanmaq, yerli özünidarə platfotması üzərindən separatizmi gücləndirməyə xidmət edirdi. Lakin 700 min azərbaycanlının hüquqlarının kobud şəkildə pozulması nəticəsiz qala bilməzdi”, Zahid Oruc vurğulayıb.
Deputat qeyd edib ki, Vətən müharibəsində qələbə həm də 30 il bələdiyyə orqanlarını yarada bilməyən 700 mindən çox əhalinin, 400 minə yaxın seçicinin də hüquqlarının özlərinə qaytarılması deməkdir:
“Xankəndi Zəfəri, azad torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi ölkəmizin tarixində ilk dəfə, 7 fevral prezident seçkilərindən sonra Qarabağda yerli özünüidarə orqanlarının da yaradılmasına imkan verməklə, bütün vətəndaşların hüquqlarının bütöv yerinə yetirilməsi müstəqilliyimiz tarixində ilk parlaq nümunə olacaq”.
Z.Oruc qeyd edib ki, torpaqlarımızın itirildiyi dövrdə dövlətimiz işğal olunan rayonların yerli icra hakimiyyəti orqanlarını qoruyub saxladı:
“Bu, çətin vəzifə idi. Söhbət yerli qurumların saxlanmasına çəkilən külli miqdarda xərclərdən getmir, həm də hüquqi, mənəvi və siyasi baxımından hər bir azərbaycanlıya, o cümlədən, dünyaya mesaj idi ki, idarəetmə orqanlarının mövcudluğu geriyə qayıdışa olan inam deməkdir. Əgər işğal altında olan rayonları təmsil edən hakimiyyət orqanları ləğv edilsəydi, onun ağır hüquqi-siyasi və mənəvi-psixoloji nəticələri olardı.
İndi son 30 ildə ilk dəfə Zəngilan, Laçın, o cümlədən, inzibati coğrafiyası dəqiqləşdirilən Ağdərə və artıq bir qrup əhalisi qayıdan Füzuli, nəhayət, yaxın gələcəkdə Şuşa rayonu üzrə bələdiyyə orqanlarının yaradılması mümkün olacaq. Belə bir şəraitdə yerli özünüidarə ilə bağlı islahatları da dərinləşdirməyə ehtiyac var”.
İsmayıl Bakuvi
www.yenicag.az