2015-ci ildə əsasən zarafat məqsədilə qurulan Avstriyanın Pivə Partiyası hazırkı parlament seçkilərində iştirak edəcək.
Yenicag.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı partiya lideri Dominik Vlacny bildirib.
Həkim və rok musiqiçisi Dominik Vlaçnıy tərəfindən qurulan partiya indi digər partiyaların, xüsusən də solçuların səslərini əlindən almaq üçün real təhlükə yaradır. Bu, ultrasağların seçkilərdə aşkar üstünlüyə malik olduğu bir vaxta təsadüf edir.
37 yaşlı Vlaçnıy mediaya açıqlamasında deyib ki, Pivə Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.
Yanvarda o, yarışa girməyin kifayət qədər vəsait toplamaqdan asılı olacağını söyləyib. O, 2023-cü ilin sonuna kimi 1300-ə yaxın aktiv üzvdən 20.000-ə qədər üzvlüyünü artırmaqla vəsait toplamağı planlaşdırırdı. Partiya sədri etiraf edib ki, bu, hələ çox uzaqdadır, seçkilərin oktyabrdan əvvəl keçiriləcəyi gözlənilir.
Partiya 2019-cu ildə keçirilən son parlament seçkilərində iştirak edib və cəmi 0,1% səs toplayıb, lakin Vlaçnıy 2022-ci il prezident seçkilərində 8,3% səslə üçüncü olub.
Son rəy sorğuları 5% ilə 7% arasında dəstək göstərdi. Parlamentə düşmək üçün bir partiyaya 4 faiz lazımdır.
Partiya əvvəllər səhiyyə sisteminin təkmilləşdirilməsindən tutmuş Vyanada ictimai pivə fəvvarələrinin quraşdırılmasına qədər ciddi və daha az ciddi məsələlərlə bağlı kampaniya aparıb.
www.yenicag.az