Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Ölkəmizdə gənclərin sosial müdafiəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi ilə bağlı həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamıdır.
Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral – Gənclər Günü də gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, eləcə də Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı var. Azərbaycan gənci Müzəffər Ali Baş Komandanın bir əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını nümayiş etdirdilər. On minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət etdi. Əslində, bu müraciətlər gənclərin Vətənə hesabatı oldu. Əks-hücum əməliyyatı kimi başlayan Vətən müharibəsi kimi davam edən döyüşlərdə əzmlə, mərdliklə xidmət etmək, Vətən uğrunda döyüşmək, Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycanın hər bir gəncinin vətənpərvərlik fəlsəfəsinə çevrilmişdi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi bir terror şəbəkəsini zərərsizləşdirmək, regiona sülh, əmin-amanlıq gətirməklə yanaşı milli birliyimizin, Azərbaycan gənclərin gücünün, qüdrətinin göstəricisi oldu. Bu gün öz bayramını – Gənclər Gününü qeyd edən Azərbaycan gənci gələcəyə ümidlə, həvəslə baxır. Bu gün onun güclü dövləti, sarsılmaz ordusu, Müzəffər Sərkərdəsi var.
Tənzilə Rüstəmxanlı
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri
www.yenicag.az