“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda ilk buraxışı ilə görüşünüzə gəlib.
Qarabağda yaşananlar, Paşinyanın Kim Kardaşyanın arxasına sığınması, ermənilərin Gəncəyə xain terror hücumu, ən başlıcası isə, Azərbaycanın bundan sonra zəfər günlərini qeyd edəcəyi kimi məsələlərə Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.
Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.
Video və mətnini təqdim edirik:
Salam əziz izləyicilər! Sizinlə sentyabrda görüşmək istəsək də, hər həftə bir səbəb görüşümüzü əngəllədi. Deməli, yeni sezonu bu gözəl – Füzulinin işğaldan azad olunduğu gün başlamaq varmış taleyimizdə. Necə də gözəl duyğudur. 2021-ci ildə Füzulinin işğalını deyil, azadlığına və Ana Vətənə qovuşduğu günü qeyd edəcəyik. Nəhayət ki, biz də işğaldan azad etmə günlərimizi qeyd etməyə başlayacağıq.
***
Bəli, bizim üçün keşməkeşli başlayan 2020 özünün yaddaşlarımızda yaxşı qalması üçün Qarabağ ili olmağa ən yaxın namizəddir. Hələ heç bir il, hətta bizim savaş ruhumuzu yenidən dirildən 2016-cı ilin apreli belə Qarabağa bu qədər yaxın olmamışdı. Azərbaycan irəliləyir. Həm də dayanmadan. Dünyanın hər nöqtəsindən gələn ayrı-ayrı səslərə fikir vermədən Qarabağda üç rəngli bayrağımızı daha da irəli aparır. Murov, Suqovuşan, Cəbrayıl, Hadrut, Füzuli. Ardı mütləq olacaq. Ağdərə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocavənd, Xankəndi, Şuşa… Bəlkə ardıcıllıq belə olmayacaq, ancaq adı çəkilən və çəkilməyən bütün torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandıracağıq. Çünki buna inamımız heç vaxt itməsə də, bugünkü qədər də buna nə yaxın olmuşuq, nə də inanmışıq.
***
Biz Qarabağı qarış-qarış azad etdikcə, düşmən sadəcə dünən gecə olduğu kimi Gəncəni, Mingəçeviri vurmur. Həm də içimizdə illərdən bəri SOROSun xətti ilə dəstəklədikləri novar adlı ikinci cəbhəni aktivləşdirir. Dostla düşmənin belə gündə bəlli olduğunu aydın görürük. Söhbət həm Azərbaycana dostluğunu, qardaşlığını əsirgəməyən Türkiyədən, Pakistandan, İsraildən, Ukraynadan gedir, həm də içimizdəki xainlərin açdığı ikinci cəbhədən. İnsanların siyasi əqidəsi fərqli ola bilər. Ancaq bu gün içimizdə – Bakıda oturub düşmənlə bağlı bir cümlə yazmadan Azərbaycanı öz torpaqlarını azad etdiyinə görə, suçlamaq müxalifətçilik deyil, yaşadığı dövlətə xəyanətdir. Vətən demirəm, çünki bunlar vətənsizdirlər.
***
İçimizdəki xainlərdən Kim Kardaşyana qədər hər dala (yəni, budağa) əl atan Ermənistən isə nə ilə üzləşdiyini hələ də dərk edə bilmir. Dövlət tərbiyəsi görməyən, idarəetmədən bixəbər bir zavallı baş nazir, Qarabağla Paşinyan dilemması qarşısında qalan erməni müxalifəti, artıq ovucundakı ölkəni qoruya bilmədiyini anladığından Kim Kardaşyanın dalına sığınan erməni diasporu.
***
Bu arada olan Şuşana olacaq. Ən yaxşısı, hadrutlu qızı nə qədər gec deyil, keçsin biz tərəfə. Yoxsa Paşinyanla Arutunyan Kim Kardaşyanın dalına girib, gözyaşı tökərək, adını taktiki geri çəkilmə qoyub, dabanlarına tüpürüb qaçarkən, bu çəlimsiz qız artıq Azərbaycanın deyil, Türkmənistanın filan təyyarələrini vurmağa davam edir. Eynən ABŞ ordusu Bağdad küçələrində irəliləyərkən, Səddamın informasiya naziri Muhammed Said es-Sahafın “iraq ordusu düşməni məğlub edib” yalanını radiodan səsləndirdiyi kimi… Əs-Sahafı yalanın barıtını çox elədiyi üçün “Komik Əli”, ya da “Bağdad Bob” adlandırırdılar. İndi biz Şuşana mütləq bir ad taparıq tapmasına, ancaq tırlarla erməni meyiti ilə Qarabağın tamamən azad olduğu xəbəri İrəvana çatanda, erməni xalqının əlindən bu Hadrut gözəlçəsini kimsə ala bilməyəcək. Bu arada bir təyyarələrini də bu gün pilotuyla bərabər cəhənnəmə göndərdik. Şuşan isə deyəcək ki, o üç tank kimi bu təyyarəmizi də özümüz vurduq ki, Azərbaycan ciddiliyimizi anlasın.
***
Söhbət Nikolla Şuşandan düşmüşkən, bir əhvəlat yadıma düşdü.
Deyir ki, Moska, niyə hürürsən?
Cavab verir ki, qorxutmaq üçün.
– Bəs quyruğun niyə əsir?
– Çünki özüm də qorxuram.
Dığa, çaqqal, dabanyalayan, adını nə qoyuruqsa yaraşan erməni həm qorxur, həm də humanitar atəkəs zamanı iki dəfə Gəncəni vurub, Dağlıq Qarabağdakı rejimin tanınmasını istəyir. Tanısana özün öncə. Siz hələ Dağlıq Qarabağı müstəqil dövlət, yoxsa Ermənistanın bir parçası olması məsələsində qərara gələ bilmirsiniz. Madam sizin torpaqdır, niyə bizim kimi ürəklə deyə bilmirsiniz? Ancaq biz sizdən fərqli olaraq, ürəklə Qarabağ Azərbaycandır deyirik. Çünki biz sizdən öncə də bu torpaqlardaydıq, sizdən sonra da yenə biz bu torpaqlarda hakim olacağıq. Qarabağdan sonra sıra İrəvana gələcək. Gəldiyiniz kimi bizim bütün torpaqlarımızdan gedəcəksiniz.
Qısacası, Qarabağ Azərbaycandır, qədeş…
İrəvanın da Azərbaycan olacağı günə çox qalmayıb…